“Müəllim şagirdi şəxsiyyət kimi görməlidir”

Arzu Kərimov  1985-ci ildə Qəbələ şəhərində anadan olub. 2007-ci ildə Gəncə Dövlət Universitetinin coğrafiya ixtisası üzrə bakalavr pilləsini bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetinin “İqtisadi və sosial coğrafiya” istiqaməti üzrə magistr dərəcəsini alıb. 2012-ci ildən Təhsil Nazirliyinin həyata keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə “Gəncə Avropa Gənclər paytaxtı” layihəsi çərçivəsində keçirilən Beynəlxalq forumun yerli məruzəçisi kimi çıxış edən Arzu Kərimov həmçinin Təhsil Nazirliyinin həyata keçirdiyi “Məktəb direktorlarının hazırlığı kursları” üzrə “Uğur” sertifikatına layiq görülüb. Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi qalibi olan gənc müəllimin ən böyük arzusu Qarabağın ürəyi sayılan Şuşa şəhərində müəllim işləməkdir.

 

- Arzu müəllim, özünüinkişaf sizin üçün nədən ibarətdir?

- Hesab edirəm ki, rəqabət bütün sahələrdə artmaqdadır, elə müəllimlər arasında da. Artıq yaxşı müəllim daha yaxşı olmağa, daim özünü inkişaf etdirməyə çalışır. Bu rəqabət fonunda “özünü inkişaf etdirmək” ifadəsinə son zamanlarda daha çox rast gəlirik. Karyerasında müəyyən nailiyyətləri olan müəllimlər uğurların əldə edilməsi və davamlı olmasında hər zaman bu faktoru vurğulayırlar. Müxtəlif mənbələrdən məlumat toplamaq, oxumaq, digər yeni biliklərə də açıq olmaq lazımdır. Şagirdlərimə həmişə tövsiyə edirəm ki, şəxsiyyətlərini tanımalı, maraq dairələrini müəyyənləşdirməli, seçəcəkləri ixtisasla bağlı özləri üçün məlumat formalaşdırmalıdırlar. Məktəb dövründə olan bütün imkanlar çərçivəsində tədbirlərə qatılmaları, sosial layihələrdə iştirak etmələri onlara bilik və bacarıqlarının inkişafına böyük kömək edə bilər. Düşünürəm ki, müasir müəllimlərə çoxlu informasiyadansa, tətbiq edə biləcəkləri bacarıqlar daha faydalıdır. Bu da təbii ki, onların müasir kompetensiyalara uyğun pedaqoji kadr olaraq inkişaf etməsinə gətirib çıxarır.

 

- Dərs prosesində  hansı yeniliklərdən istifadə edirsiniz?

-Təlimin məzmununun, metodlarının və təşkilat formalarının daim təkmilləşdirilməsi coğrafiyanın tədrisi metodikasının əsas vəzifələrindən biridir. Digər elmlər kimi coğrafiyanın tədrisi metodikası təcrübəyə xidmət edir. Coğrafiyanın öyrədilməsi sahəsində toplanmış təcrübələri ümumiləşdirərək tənqidi surətdə nəzərdən keçirir,  məlum olan və təcrübədə sınaqdan çıxmış təlimin təşkilat formalarını və metodlarını seçməklə dərslərimi tədris etməyə çalışıram. Konkret sualın cavabına gəldikdə isə, müasirlik, ideyalılıq coğrafiya fənninin tədrisinin ən xarakterik xüsusiyyətidir. Əsas məqsədim tədris prosesində məktəb coğrafiyasının məzmununu, coğrafiya elmini müasir inkişaf səviyyəsinə uyğunlaşdırmaq, şagirdlərdə elmi dünyagörüşünün formalaşmasında coğrafiyanın rolunu artırmaq,  təlimin forma və metodlarını kökündən yaxşılaşdırmaq, ən yeni texniki vasitələri tətbiq etməkdir.

 

- Şagirdlərin dərsə marağının artırılması vacib məsələlərdən biridir. Bəs siz bunun üçün nə edirsiniz?

- Dərsə şagirdlərin marağını artırmaq üçün təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah, müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə etməyə çalışıram. Tədris prosesində həmçinin təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən istifadə etməyi, öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyənləşdirməyi, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayiş etdirməyi aşılayıram. Mənim fikrimcə şagirdlər istənilən halda yaradıcı olmalıdırlar.

 

- “Valideynlərlə qarşılıqlı əlaqə” mövzusunda qrant layihəsinin qalibi olubsunuz, bu haqda nə deyə bilərsiniz? Hansı problem bu layihəni hazırlamağa sizi sövq etdi?

- Müasir təhsildə yeni fənn kurikulumlarının tətbiqi ölkəmizdə nəticəyönümlü prinsipi ilə mühüm xarakter daşıyır. İctimaiyyət arasında kurikulum islahatının mahiyyəti, yeni təlim üsulları və formaları haqqında məlumatsızlıq, şagirdin diaqnostik, formativ və summativ qiymətləndirilməsi zamanı fənn müəlliminin seçdiyi qiymətləndirmə üsul və vasitələrinin valideyn tərəfindən anlaşılmazlığı  problem olaraq məni düşündürürdü. Məsələnin aktuallığını nəzərə alaraq valideynlər üçün maarifləndirici kurikulum təlimi kursları təşkil etmək qərarına gəldim. “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı maarifləndirici seminarların təşkili” adlı layihəm Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi oldu.

 

- Bir sinifdə bütün şagirdlər çalışqan ola bilərmi?

- Sinifdə sərbəst düşünən, mühakimə yürütməyi bacaran, kollektiv və qrupda fəaliyyət göstərən şagirdlər yetişdirilməlidir. Əlbəttə ki, bunun üçün sadalanan keyfiyyətləri aşkar edəcək, formalaşdıracaq, inkişaf etdirəcək və bacarığa çevirəcək təlim metodları əhəmiyyətli yer tutur. Bu metodların tətbiqi ilə keçilən dərslər şagirdlərin idrak fəaliyyətinə, təhsil prosesində onların əməkdaşlığına əsaslandığı üçün, sinifdə onların fəallığına səbəb olur. Hər bir şagirdin öz spesifik xüsusiyyətləri var. Sadəcə olaraq onları kəşf etmək, şagirdləri düzgün istiqamətləndirmək lazımdır. Bu zaman, bəli, bütün şagirdlər çalışqan ola bilər.

 

- Müəllim nə etməlidir ki, şagird məktəbi sevsin?

- Müəllim və şagird arasında qarşılıqlı hörmət, anlayış olmalıdır ki, müəllim şagirdə təmkinlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun kimliyinə, şəxsiyyətinə toxunan ifadə işlətməməlidir. Şagird nə qədər hiperaktiv olsa da, yoldaşları ilə düzgün münasibət qurmasa da müəllim özünün pedaqoji üsullarından istifadə edib, xoş atmosfer yaratmalı, onu düzgün şəkildə yönəltməlidir. Ümumiyyətlə, müəllimin xarakterik keyfiyyətlərinin olması təhsil sistemində şagird-müəllim münasibətlərinin güclənməsinə səbəb olur.

 

- Coğrafiyanı nə üçün öyrənməliyəm deyən şagirdinizə cavabınız nə olar?

- Əslində,  bu sualı şagirdlərim mənə dəfələrlə ünvanlayıblar. Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Bir dəfə şagirdlərimə “Baxın o göy üzünə, sonra yerə baxın, bu böyük dünyanı öyrənmək istəyirsinizsə coğrafiya fənnini sevməlisiniz” dedim, və bu, onlar üçün bir motivasiya oldu. Coğrafiyanın tədrisində əyani vəsaitlərin istifadəsi mühüm məsələlərdən biridir. Çox sevindirici haldır ki, artıq ümumtəhsil məktəbləri müasir maddi-texniki vəsaitlərlə təmin olunub. Bunun sayəsində biz müəllimlər şagirdlərə dərsləri praktiki cəhətdən əyani şəkildə izah edə bilirik.

 

- “Müəllimin təkmilləşməsi” sizin üçün nə ehtiva edir?

- Müəllimin fəaliyyətinin quruluşu bir çox amillərdən asılıdır. Əsas amil hazırlıq işidir. Biz əksər hallarda müəllimin fəaliyyətinin bir mühüm amili - şagirdlərin təlim fəaliyyətinə rəhbəriyi haqqında söz açırıq. Ancaq müəllimin fəaliyyətini təşkilati işlər ilə məhdudlaşdırmaq olmaz. Çünki təlim proqramı haqqında uyğun informasiya vermək üçün bu informasiyanı hazırlamaq lazımdır. O cümlədən, dərs üçün əyani və texniki vasitələr seçilməlidir. Müəllimin fəaliyyətinə müxtəlif tərbiyəvi tədbirlər, valideynlərlə işi, sosial fəaliyyətləri də daxil etmək lazımdır. Müəllim özünün pedaqoji təcrübəsini müxtəlif istiqamətlərdə təkmilləşdirməlidir. Əlbəttə ki, tək bunlarla kifayətlənməməlidir, tədrisin metodikası sahəsində müasir texnologiyaları, təlimin yeni metod və formalarını mənimsəməsi üçün səy göstərməlidir. Pedaqoji psixologiya sahəsindəki yenilikləri daim izləməlidir.

 

- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?

- Müəllimlik dünyada ən şərəfli peşə sayılır. Çünki müəllim tələbələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər formalaşdırır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün qiymətləndirən, layihələndirən və həyata keçirən müəllimlərdən asılıdır. Dünyanın ən böyük şəxsiyyətləri, müdrik dövlət adamları, dahilər müəllim əməyini həmişə yüksək qiymətləndiriblər. Ümummilli lider Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” ifadəsi biz gənclər üçün stimula çevrilib.

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



12.01.2019 | 12:33