Respublika çempionatı ilə bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəblər arasında respublika çempionatında qalib gəlmiş ümumi təhsil müəssisələrinin direktorları və fiziki-tərbiyə müəllimləri ilə görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, ümumi təhsil məktəblərinin direktorları, fiziki-tərbiyə müəllimləri iştirak ediblər.

 

BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva çempionatda uğurla iştirak edərək qalib gəlmiş məktəblərin pedaqoji kollektivi və şagirdlərini təbrik edib, yarışın növbəti mərhələsində də onlara böyük nailiyyətlər qazanmağı arzulayıb.

 

Ölkəmizdə idmanın inkişafında məktəblilərin idmana kütləvi cəlb olunmasının əhəmiyyətini vurğulayan müdir müavini təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə edilməsində təhsilalanların sağlamlığının vacibliyini diqqətə çatdırıb.

 

Daha sonra məktəb direktorlarının, fiziki-tərbiyə müəllimlərinin çempionatla bağlı  fikirləri  dinlənilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Qeyd edək ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumi təhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda  şahmat, atletika, voleybol  və  basketbol  idman növləri  üzrə  bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin  II-XI şagirdləri iştirak  ediblər. 

 

Onu da qeyd edək ki, yarışların  final mərhələsi  voleybol idman növü üzrə 1-2 mart, basketbol idman növü üzrə 3-4 mart, atletika idman növü üzrə 1-2 may, şahmat  idman növü  üzrə isə 3-9 may tarixlərdə təşkil olunacaq.

 



11.01.2019 | 16:10