Akademik elektron elmin inkişafına dair təkliflər verib

“Ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına dövlət dəstəyi, İKT-nin sürətli inkişafı və onun digər sahələrlə yanaşı, elmdə də tətbiqi elektron elmin formalaşdırılmasının sürətləndirilməsini zəruri edir”. Bu sözləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının  17 yanvar 2019-cu il tarixli iclasında deyib. İclasda Azərbaycan Resublikasında e-elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə edən  R.Əliquliyev E-Azərbaycanın, onun mühüm tərkib hissəsi olan e-elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. Bu istiqamətdə reallaşdırılan tədbirlərin konseptual və normativ-hüquqi bazasını təşkil edən rəsmi dövlət sənədlərini diqqətə çatdırıb.

 

Akademik-katib, həmçinin Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsi haqqında danışıb.

 

R.Əliquliyev e-elmin texnoloji platforması olan AzScienceNet Elm Kompüter Şəbəkəsinin imkanlarından bəhs edərək bildirib ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli, çoxsaylı İnternet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü və EaPConnect (Şərq tərəfdaşlığı üzrə regional elm şəbəkəsi) layihəsinin tərəfdaşı kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

 

AkademikR.Əliquliyev məruzəsində e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifələr və problemlərdən də danışıb. Onun sözlərinə görə, bu məqsədlə e-elm üçün informasiya resursları, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır. Məruzəçi, bunlarla yanaşı, qeyd edib ki, GEANT-a inteqrasiyanın sürətləndirilməsi və virtual elmi cəmiyyətlərin yaradılması, İKT-nin müxtəlif elm sahələrində tətbiqi üçün multidissiplinar ixtisaslar üzrə kadr hazırlığı, elmmetrik qiymətləndirmələr üçün intellektual-analitik sistemin yaradılması, dissertasiya şuralarının iclaslarının on-line yayımı və elektron arxivləşdirilməsi, bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də, e-elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının hazırlanması zəruriyyəti qarşıda duran vacib məsələlərdəndir.

 

Yusif ƏLİYEV



17.01.2019 | 15:43