Məktəbi bitirməyə tələsənlər...

Ötən həftə ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar keçirilib. Bu imtahanlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilib. 2 - test imtahanı və müsahibə mərhələsindən ibarət olan imtahanlara Bakı şəhər məktəblərindən 10 şagird qatılıb.

 

İmtahanın birinci, yəni test mərhələsində şagirdlər 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

 

Əvvəlcədən elan olunduğu kimi, eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirir. İkinci, yəni müsahibə mərhələsində isə komissiya üzvləri tərəfindən 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib. İmtahan qiyməti hər iki mərhələnin nəticələri əsasında müəyyənləşdirilir.

 

Bu imtahanda iştirak edənlərin sinifdən-sinfə keçib-keçməyəcəyi, buna qadir olub-olmadıqları qalsın bir yana. Görəsən, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyənlər kimlərdir? Onlar hara, niyə tələsirlər? Uşaqlıqlarının bitməsini niyə bu qədər çox arzulayırlar?

 

Bu və başqa suallara cavab tapmaq üçün “Azərbaycan müəllimi” imtahanların müsahibə mərhələsində iştirak edərək şagirdlərin, onların valideynlərinin və müsahibəni aparan komissiya üzvlərinin fikirləri ilə maraqlanıb.

 

Qeyd edək ki, müsahibə mərhələsində də test mərhələsində olduğu kimi 10 şagird var. Hamısı valideynləri ilə gəlib. 220 nömrəli məktəb-liseydə təşkil edilən imtahanlarda həyəcan zirvədədir. Uşaqların həyəcanı valideynlərinkinə, valideynlərinki isə uşaqların həyəcanına qarışıb. Bu məsələyə elə-belə baxmayın. Müşahidələrimiz göstərir ki, bu imtahanlarda uşaqlardan çox valideynlər həyəcanlıdır. Axı, bu sınaq daha çox onların sınağı, onların arzusudur…

 

Məlum olur ki, 10 şagirddən 6 nəfəri rus bölməsində təhsil alır.  Ancaq Azərbaycan dili hər birinin öz ana dilidir. Aralarında ana dilimizdə fikrini ifadə etməkdə çətinlik çəkən yoxdur.

 

“Bu imtahanda uğur qazana bilsəm...”

 

 

Elşad Məmmədov nəvəsini gətirib. Baba 72 nömrəli məktəb-liseydə III sinif şagirdi olan nəvəsi Gülşən Məmmədlinin yanvar ayından IV sinifdə oxumasını arzulayır. Özü də bu niyyəti Gülşən hələ bağçadaykəndən var: “Təhsil işçisi olduğum üçün bu prosesdən xəbərim var. Nəvəmin qabiliyyətini hələ bağçaya gedən vaxtdan müşahidə edirdim. Bu qabiliyyətini inkişaf etdirmək üçün ona yol göstərdim. Birinci sinifdə bir az artırdı, ikinci sinfin sonunda ana dili və riyaziyyat üzrə tamamilə proqramı bitirmişdi.

 

Bu proqramı mənimsəməyin ona çətinlik yaratmadığını görüb sınamaq qərarına gəldim. Gülşən III sinfin tam, IV sinfin yarımillik  proqramını öyrənib”.

 

Bu arzusunun nəvəsinə təsirinə gəlincə, baba hesab edir ki, nəvəsinin potensialı olduğu üçün proqramı qabaqlamağın, uşağı əlavə yükləməyin ona bir ziyanı olmaz.

 

Gülşən imtahanının nəticəsini yüksək qiymətləndirir. Bu imtahanların onun biliyini və imkanlarını artıracağına inanır: “Həkim olmaq, bu arzuma daha tez çatmaq istəyirəm. Bu imtahanda uğur qazana bilsəm, 11 deyil, 10 il oxuyacağam və bir il daha tez həkim olacağam”.

 

Görəsən, Gülşən təhsilin növbəti səviyyəsini də vaxtından əvvəl bitirmək istəyə bilərmi? Heç tərəddüd etmədən cavab verir: “Mənim buna şansım çoxdur”.

 

“Şansdan çox, özümə güvənirəm”



Leyla Məmmədzadə üçün şans ikinci plandadır. O, özünə güvənir. Test imtahanını uğurla başa vurub. Komissiyanın qərarı onun istəyi ilə üst-üstə düşsə, növbəti ildən X sinifdə təhsil almaq istəyir: “Hazırda 177 nömrəli tam orta məktəbdə VIII sinifdə oxuyuram. İmtahandan keçib IX sinif buraxılış imtahanlarında iştirak etmək niyyətindəyəm”.

 

Bu istəyinə nail olmaq üçün isə şansdan çox biliyinə güvənir: “Doğrudur, bəlkə şans da lazımdır. Ancaq şansdan çox, özümə güvənirəm. Çünki IX sinfin proqramını bilirəm. Test mərhələsində sualların 80 faizinə yazmaqla uğurlu nəticə əldə etmək mümkündür. Təsdiq etmək istəyirəm ki, mən IX sinfin buraxılış imtahanlarında iştirak edə və növbəti dərs ilindən X sinifdə təhsil ala bilərəm”.

 

Niyə X sinifdə oxumaq istədiyinə gəlincə, Leyla VIII sinifdə özünü pis hiss edir: “Hiss edirəm ki, bu proqram mənə təkrar kimi görünür. Heç nə maraqlı gəlmir. Hər il sinif yoldaşlarımdan irəli gedirdim. Bu il də müəllimlərim mənə təklif etdilər ki, bu vəziyyətdən qurtarmaq üçün eksternat imtahanlarında iştirak edim”.

 

İngilis dilini ana dili səviyyəsində bilən Leyla bakalavr təhsilini Bakıda, ancaq ingilis dilində alacaq. Təhsilin növbəti pillələrində harada, hansı dildə oxuyacağına isə hələlik qərar verməyib.

 

“Babam kimi pilot olacağam”

 

 

Malik Məmmədov 304 nömrəli məktəb-liseyin VIII sinif şagirdidir. Növbəti ildən növbəti təhsil səviyyəsi üzrə təhsil almaq istəyir. Pilot olmağa tələsir, babası Eldəniz Ağayev kimi. Babasının yolunu davam etdirmək niyyətindədir.  Həyəcandan babasının adını unutsa da, imtahanlarda uğur qazanıb: “Builki buraxılış imtahanlarına qatılmaq və orta ümumi təhsil səviyyəsini daha tez tamamlamaq istəyirəm. Babam Eldəniz Ağayev ulu öndər Heydər Əliyevin şəxsi pilotu olub. Mən də daha tez təhsilimi tamamlamaq, vətənim qarşısında borcumu daha tez yerinə yetirmək, hərbi xidmətimi başa vurub daha tez pilot olmaq istəyirəm”.

 

 

“Valideynlərimin gözündə yüksək yerlərdə olduğum üçün...”

 

Zahir Quluzadə 314 nömrəli tam orta məktəbdə oxuyur. Valideynlərinin gözündə yüksək səviyyələrdə olduğunu görür və o yerə can atır: “Valideynlərimin gözündə yüksək yerlərdə olduğum üçün yüksək hədəflərə nail olmalıyam. Atam və anam həkimdir. Böyük qardaşım Uludağ Universitetində oxuyur. Mən də həkim olacağam. Arzum plastik cərrah olmaqdır. Məncə, bunun üçün bacarığım da yetərincə var”.

 

Zahir Quluzadənin fikrincə, test mərhələsində göstərdiyi nəticə yaxşıdır. Psixoloqların qarşısına çıxmağa hazırdır: “Özümü psixoloji cəhətdən möhkəm hesab edirəm. İnsan üzərində işləmək o qədər də rahat bir iş deyil. Özümü buna hazır hiss edirəm”.

 

 

Aydan Əmirzadə 141 nömrəli tam orta məktəbin III sinif şagirdidir: “Çox böyük arzum var. Müəllim olmaq istəyirəm. Müəllimlik ən dəyərli peşədir. Mən də müəllim olmaq istəyirəm ki, uşaqları öyrədim”.

 

 

 

 

 

“NASA-da işləmək istəyirəm”

 

Mehriban Səttarova III sinifdə oxuyur. Müsahibədən çıxdı: “Bu imtahandan keçə bilsəm, artıq IV sinifdə oxuyacağam. Müsahibəm də yaxşı keçdi. Məndən gələcəkdə kim olmaq istədiyimi soruşdular, sevimli məşğuliyyətlərimlə maraqlandılar. Onlara şeir yazdığımı dedim. Hələ şeirlərimdən dedim də”.

 

Mehriban Səttarovanın çox böyük arzuları var. Universitetlə bağlı qərarını hələ verməsə də, artıq iş yerini müəyyənləşdirib: “NASA-da işləmək istəyirəm”. Hansı universitetdə təhsil alacağı ilə bağlı qərar verməyə isə tələsmir: “Hələlik bilmirəm, ola bilər Almaniyada oxuyaram”.

 

Mehribanı NASA-ya hazırlayacaq ölkəyə gəlincə: “İngilis dilini bilirəm. İstənilən Avropa ölkəsində yaşaya və oxuya bilərəm. Artıq alman dilini də öyrənməyə başlayıram. İngilis və rusca bilirəm. Azərbaycan dili isə ana dilimdir. Orta təhsilimi öz ölkəmdə tamamladıqdan sonra istənilən ölkədə, istənilən universitetə gedə biləcəyəm”.

 

“Uşaqların taleyi ilə bağlı qərar verərkən...”

 

Müsahibə bitir. Komissiya öz işini yekunlaşdırır. Maraqlıdır, onlar kiçik müsahibləri barədə nə düşünürlər?

 

 

Müsahibə Komissiyasında Bakı şəhəri Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin direktoru Züleyxa Ələkbərova və Təlimə Dəstək Mərkəzinin psixoloji xidmət üzrə metodisti Səidə Əhmədova təmsil olunub. Komissiyanın ilkin rəyi ilə maraqlanırıq. Onları cəmi 2 şagird heyrətləndirə bilib.

 

Züleyxa Ələkbərovanın fikrincə,  sevindiricidir ki, uşaqlar daha çox irəli getmək, dünyagörüşlərini inkişaf etdirmək istəyir və bunun üçün daim axtarışdadırlar. Hətta belə imtahanlara baş vurmaq üçün özlərində qüvvə hiss edirlər: “Ancaq 10 nəfərdən yalnız 2 nəfər bizi özünün intellektual səviyyəsi, dünyagörüşü ilə təəccübləndirdi”.

 

Komissiya üzvlərinin fikrincə, sinif adlamaq, yuxarı sinfə keçmək uşaqlarda başqa keyfiyyətlər tələb edir: “Sinifdən-sinfə keçmək o deməkdir ki, şagird xüsusi istedada malik olmalıdır. Onlar akademik savadlarına, psixoloji durumuna və dünyagörüşünə görə əlaçı şagirdlərimizdən fərqlənməlidirlər”.

 

Səidə Əhmədova müsahibə mərhələsində psixoloq rəyinə nədən ehtiyac duyulduğunu belə izah edib: “Bu, şagirdlərin sinifdən-sinfə keçməyə nə qədər hazır olduğunu müəyyənləşdirmək üçündür. Bugünkü iştirakçılar arasında sinif adlamasına qürur məsələsi kimi yanaşan, “Mən XI sinifdə oxumalıyam, niyə aşağı siniflərlə oxuyuram?” - deyə yanaşan da var, hazırda təhsil aldığı sinifdə yaşıdlarından daim çox irəli getdiyi üçün özünü pis, narahat hiss edən də. Biz bu yanaşmanı müəyyənləşdirməyə çalışırıq. Valideyninin təkidi ilə sinifdən-sinfə keçmək istəyən şagirdlə özünü yuxarı siniflərlə daha yaxşı hiss edəcək məktəblimizi ayırd edirik. Şagird özünü həmyaşıdları ilə yaxşı hiss edə və yaxşı oxuya bilər. Ancaq onun birdən-birə özündən böyük uşaqlarla təhsil alması ünsiyyətinə, münasibətlərinə, psixologiyasına mənfi təsir edə bilər. Nəticədə bu qərar şagirdin inkişafına yox, əksinə, geriləməsinə gətirib çıxarar. Ona görə də müsahibədə biz onu müəyyənləşdiririk ki, şagirdlərin bu qərarında kiminsə təsiri var, yoxsa yox. Uşaqların taleyi ilə bağlı qərar verərkən bunları dəqiq müəyyənləşdirmək çox önəmlidir”.

 

“Bu, təhsilimizin qələbəsi ola bilər”

 

Səidə Əhmədovanın sözlərinə görə, şagird yaxşı oxumasa, təlim materiallarını qavramasa da, intellektual səviyyəsi yüksək ola bilər: “Belə şagirdlərimizdən  breyn-rinq yarışlarına apardıqlarımız arasında uğur qazananlar çox olub. Valideynlər elə hesab edir ki, usağı əlaçıdırsa, ya da riyaziyyatçıdırsa, demək, istedadlıdır. Halbuki istedad, intellektual səviyyə və geniş dünyagörüşü tədris proqramını mənimsəməklə müəyyən olunmur”.

 

Züleyxa Ələkbərova dünya təhsil sistemində də mövcud olan bu təcrübənin, istedadlı şagirdləri üzə çıxarmağın məqsədlərini belə izah edib: “Əlaçı şagirdlərimiz çoxdur və onların arasında daha yuxarı siniflərdə oxuya biləcək potensiala malik olanları var. Onları seçib təhsilin növbəti səviyyəsinə keçirmək bizə ona görə lazımdır ki, özündən səviyyəcə daha aşağı sinifdə təhsil almaq maraqsızlıq yarada və bu da nəticə etibarı ilə onun potensialını inkişafdan qoya bilər. 12, 14 yaşında məktəbi bitirəcək səviyyədə uşaqlar varsa, biz o qığılcımı görə biliriksə, bu, təhsilimizin qələbəsi ola bilər”.

 

Ruhiyyə DAŞSALAHLI



18.01.2019 | 10:48