Fəaliyyət planı müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Təhsil şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olunub.Institutdan verilən məlumata görə,  planı təqdim edən şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov şöbənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Təhsil şöbəsində magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması, doktorantların, dissertantların doktorluq, magistrantların sessiya imtahanlarının təşkili, magistrant və doktorantların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi və s. işlər həyata keçirilir.

 

F.Yusifov doktorant və dissertantların elmi fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, 2019-cu il üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların sayı 5, dissertantların sayı 17, elmlər doktoru proqramı üzrə təhsil alan dissertantların sayı isə 9 nəfərdir.  Qəbul planına uyğun olaraq cari ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 3, dissertanturaya 3, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfərin qəbul edilməsi nəzərdə tutulur.  

 

Şöbə müdiri, həmçinin cari il üzrə institutun magistraturasında 6 nəfərin təhsil aldığını nəzərə çatdırıb. Onun sözlərinə görə, 2019-2020-ci tədris ili üçün institutun magistraturasına qəbulun “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə aparılması planlaşdırılır.

 

Plan ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Yusif ƏLİYEV



24.01.2019 | 12:27