SDU müəllimlərinin əmək haqlarını artırdı

Sumqayıt Dövlət Universitetində müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım atılıb. Universitet müəllimlərinin əmək haqqı artırılıb.

 

Vətəndaşlara qayğı, onların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursda sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.

 

Sumqayıt Dövlət Universitetində də Azərbaycan dövlətinin siyasi kursu rəhbər tutularaq müəllimlərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın 23.01.2019-cu il tarixli iclasında müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında qərar qəbul edilib və universitet rektorunun 24.01.2019-cu il tarixli əmri ilə müəllimlərin əmək haqları artırılıb.

 

Əmrə əsasən, fevralın 1-dən etibarən aylıq əmək haqqı artımı 284 nəfər müəllimə  şamil olunacaq. Bu da müəllimlərin əməyini stimullaşdırır və fəaliyyətinin inkişaf etdirilməsinə motivasiya yaradır. Bu cür addımlar gələcəkdə də davam etdiriləcək.

 



24.01.2019 | 16:30