Nümunəvi fəaliyyətin 25 ili

Həyatda elə insanlar var ki, fəaliyyətləri ilə tanınır, öz vəzifə funksiyalarını layiqincə yerinə yetirmələri ilə ətrafdakılar  üçün bir nümunəyə çevrilir. İllərlə işlədiyin kollektivin, eyni zamanda səni tanıyan çoxsaylı şəxslərin içdən gələn sevgisini və hörmətini qazanmaq isə, etiraf edək ki, hər adama nəsib olmur. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Dəftərxana sektorunda böyük məsləhətçi vəzifəsində çalışan  Şahrun Quluzadəni isə bu baxımdan şanslı insanlardan hesab etmək olar. Düz 25 ildir ki, Təhsil Nazirliyində çalışan qəhrəmanımız hər gün yuxarı təşkilatlardan gələn sərəncam, qərar və fərmanların, müxtəlif nazirlik və qurumlardan daxil olan sənədlərin, məktubların qeydiyyatını apararaq  rəhbərliyə təqdim edir. “Mən işimdən zövq alıram və bunu sevə-sevə edirəm”, - deyən  Şahrun xanımı biz də daha yaxından tanımaq istədik.

 

1969-cu ildə anadan olan Şahrun Quluzadə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. Ali məktəbi başa vurduqdan sonra ətrafındakılar ona məsləhət görüblər ki, işlə təmin olunmaq üçün Təhsil Nazirliyinə müraciət etsin. 1992-ci ilin martında Təhsil Nazirliyinə müraciət edəndə, nazir müavini Mahirə Fərəcovanın qəbuluna işlə təmin olunmaq üçün düşəndə ağlına belə gəlməzdi ki, taleyini bura ilə bağlayacaq: “Mahirə Fərəcova məni qəbul edib söhbətləşdikdən  sonra bildirdi ki, sizə zəng edəcəyik. 3-4 gün keçəndən sonra evə zəng olundu və Təhsil Nazirliyinə çağırıldım. Beləliklə, ilk əmək fəaliyyətinə Mahirə Fərəcovanın köməkçisi kimi  başladım. 1993-cü ildə müəyyən səbəblərdən Təhsil Nazirliyindən getsəm də, bu, çox qısa çəkdi. İşimə bağlılığım məni yenidən öz doğma kollektivimə gətirdi. O iş prosesinə, qaynar həyata o qədər öyrəşmişdim ki, özümü digər sahədə heç cür təsəvvür edə bilmirdim. 1993-cü ilin sonlarında yenidən Təhsil Nazirliyində Ümumi şöbədə çalışmağa başladım. Hazırda İnformasiya şöbəsinin Dəftərxana sektorunda böyük məsləhətçiyəm. Nazirliyə daxil olan müxtəlif sənədləri, ərizə və şikayətləri araşdırmaq, aidiyyəti üzrə nazirə, nazir müavinlərinə, şöbə müdirlərinə operativ təqdim etmək, dərkənar yazıldıqdan sonra müvafiq şöbələrə paylanılmasına nəzarət etmək və digər məsələlər bizim şöbənin fəaliyyətinə daxildir. Hər zaman üzərimə düşən funksiyanı layiqincə yerinə yetirməyə çalışmışam”.          

 

Uzun illərdir ki, dövlət qulluğunda çalışan Şahrun Quluzadəyə “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi də verilib. Böyük inspektor, aparıcı məsləhətçi, hazırda isə böyük məsləhətçi kimi çalışır. Öz çalışqanlığı, zəhməti ilə bu pillələri addım-addım qalxıb.

 

“Taleyimdən razıyam. İşimi isə çox sevirəm. Dövlət qulluğunda işləmək mənə ilk növbədə daha məsuliyyətli, dəqiq və dürüst olmağı öyrətdi. Və elə fəaliyyətimin ilk günlərindən bu keyfiyyətlərə yiyələndim. İşimin peşəkarı olmağa can atdım. Verilən tapşırıqları vaxtında və operativ şəkildə həll edərkən daxilən rahatlıq tapıram. Bu illər ərzində hər zaman daha da təkmilləşməyə can atmışam. Hər zaman işimlə bağlı öyrənmək istədiklərim olurdu və öyrənirdim də. İndi də mənə müraciət  edən gəncləri  cavabsız qoymamağa çalışıram”, - söyləyir Şahrun xanım.

 

Onun hər zaman işinə məsuliyyətli olması, gərgin əməyi diqqətdən kənarda qalmayıb. Belə ki, bu günlərdə dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə, üzərinə düşən öhdəlikləri yüksək peşəkarlıqla və keyfiyyətlə yerinə yetirdiyinə görə  Şahrun Quluzadə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. Nə az, nə çox, düz 25 ildir ki, Təhsil Nazirliyində sevdiyi işlə məşğul olan və 50 yaşını tamamlayan Şahrun Quluzadəni ilk təbrik edənlər də məhz fəaliyyət göstərdiyi kollektivi olub. Onunla bağlı keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət  Vəliyeva Şahrun Quluzadəni təcrübəli bir işçi olmaqla yanaşı, eyni zamanda müsbət keyfiyyətlərə malik bir insan kimi səciyyələndirib. Nazir müavini Təhsil Nazirliyinin Fəxri fərmanını ona təqdim edib. 

 

Tədbirdə nazirliyin digər rəsmiləri, iş prosesində onunla təmasda olan əməkdaşlar da çıxış edərək Şahrun xanımın peşəkarlığından danışıb, kollektiv arasında dərin hörmət qazandığını xüsusi vurğulayıblar.  

 

Şahrun Quluzadə fürsətdən istifadə edərək doğma kollektivinə ürək sözlərini qəzetimiz vasitəsi ilə çatdırdı: “Əməyimin qiymətləndirilməsi məni daha da ruhlandırır. Bir insan üçün işlədiyi kollektivin sevgisini, hörmətini qazanmaqdan və fəaliyyətinin yüksək dəyərləndirilməsindən gözəl nə ola bilər ki? İşimi çox sevirəm və nə yaxşı ki, peşəkarların cəmləşdiyi, səmimi, işgüzar bir qurumda-Təhsil Nazirliyində çalışıram. Mənim üçün işlədiyim kollektiv doğma bir ailə kimidir. Bu ailənin bir üzvü olmaq isə qürurvericidir. Zəhmətimə belə yüksək dəyər verdiyinə görə təhsil naziri Ceyhun Bayramova öz təşəkkürümü bildirirəm”.

 

Samirə KƏRİMOVA



25.01.2019 | 12:21