Novosibirsk Dövlət Universitetinin professoru ADPU-da məruzə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Mart-Elm günü münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İlk tədbir yanvarın 23-də  Novosibirsk Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev adına Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru İvan Anatolyeviç Maltsevin ADPU-da məruzəsi ilə başlanıb.  Professor İ.A.Maltsev ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun dəvəti ilə Azərbaycana səfər edib.

 

ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında təşkil edilən elmi seminarı professor Asəf Zamanov açaraq İ.A.Maltsevin-SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin yaradıcılarından biri, Sibir cəbr və məntiq elmi məktəbinin yaradıcısı, fizika-riyaziyyat elmləri doktoru, professor Anatoli İvanoviç Maltsevin oğlunun elm və təhsil sahəsindəki əsas uğurları barədə məlumat verib və Azərbaycanda yüksəkixtisaslı elmi kadrların formalaşmasında Maltsevlərin xidmətlərini xüsusi vurğulayaraq dəvəti qəbul etdiyi üçün tanınmış alimə təşəkkürünü bildirib. Prorektor Novosibirsk Dövlət Universiteti ilə gələcək əməkdaşlığın hər iki tərəf üçün vacibliyini qeyd edib.

 

Professor İ.A.Maltsev cəbr və məntiq sahəsində SSRİ Elmlər Akademiyasının Sibir Bölməsində, həmçinin Novosibirsk Dövlət Universitetində aparılan elmi-tədqiqat işləri və öz elmi nəticələri barədə geniş məruzə edib. Azərbaycanın son illərdə hərtərəfli inkişafından, həmçinin ADPU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən qonaq, dəvət üçün universitetin rəhbərliyinə təşəkkür edib.

 

Elmi seminardan sonra professor İ.A.Maltsev universitetin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərovla görüşüb. Görüşdə Rusiya və Azərbaycan universitetlərinin  əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Rektor 75 illik yubileyi münasibətilə rusiyalı alimi təbrik edib.                                                                                                                                                                

 

Səfər çərçivəsində professor İ.A.Maltsevin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, Bakı Dövlət Universitetində, Gəncə Dövlət Universitetində də məruzələri nəzərdə tutulub.



25.01.2019 | 17:16