ADU-da 31 mart soyqırımına həsr olunmuş “dəyirmi masa” keçirilib

Martın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Regionşünaslıq”, “Fəlsəfə və ictimai elmlər” kafedraları və ”Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq ictimaiyyətdə 31 mart soyqırımı həqiqətləri: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tədbiri  açan “Regionşünaslıq” kafedrasının müdiri, dosent Sevdagül Əliyeva XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb.  Bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-nə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif yerlərində, eyni zamanda Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və “Daşnaksütun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı  soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib. S.Əliyeva ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın   Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu, Azərbaycan xalqına qarşı törədilən bütün soyqırımı faciələrinin qurbanlarının yad edildiyini sözlərinə əlavə edib.

 

“Regionşünaslıq” kafedrasının müəllimi Elşən Məcidov “31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlər” adlı  təqdimat edərək  dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, 31 mart soyqırımının təbliğinin uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxmasında vacib rolu olduğunu deyib.

 

“Dəyirmi masa” müzakirələrlə yekunlaşıb.



28.03.2018 | 11:17