ADPU-ya 16 yeni doktorant və dissertant qəbul olunub

Yanvarın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib. “TÜRKSOY” kafedrasında keçirilən görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov  iştirak ediblər.

 

Rektor  Cəfər Cəfərov yeni qəbul olunmuş doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.  ADPU-da yeniliklər, islahatlar, innovativ layihələrin uğurla həyata keçirildiyini deyən rektor bu islahatların bütövlükdə ölkəmizdə gedən yeniləşmə, müasirləşmə prosesinin tərkib hissəsi olduğunu bildirib. “Ölkə rəhbərliyi bizim qarşımıza mühüm vəzifələr qoyub. Bu vəzifələrin uğurla həyata keçirilməsində doktorantların və dissertantların qəbulu xüsusi əhəmiyyət kəsb edir. ADPU-nun göstəriciləri sağlam və ədalətli rəqabət mühiti şəraitində ildən-ilə yaxşılaşır. Əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir. Siz daim öz üzərinizdə ciddi işləməli, əzmlə çalışmalı, Azərbaycanın ümumi inkişaf prosesinə öz töhfələrinizi verməlisiniz”- deyə rektor qeyd edib. 

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov  bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul uğurla başa çatıb. Qəbulun nəticələri barədə məlumat verən professor A.Zamanov qeyd edib ki, planda nəzərdə tutulmuş ixtisaslar üzrə 46 nəfərin sənədi- fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya 33, dissertanturaya 8, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd qəbul edilib. 45 nəfər qəbul imtahanlarına və müsahibələrə buraxılıb.  

 

Rektorun 24 dekabr 2018-ci il tarixli 3/178 nömrəli əmrinə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən 7-24 yanvar 2019-cu il tarixlərdə imtahanlar və müsahibələr aparılıb. İmtahanların və müsahibələrin nəticələri əsasında 10 nəfər fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya, 5 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 1 nəfər elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.

 

Professor A.Zamanov çıxışının  sonunda yeni qəbul olunmuş doktorant və dissertantların özlərini doğruldacaqlarına inamını ifadə edib və onlara uğurlar arzulayıb.

 

Doktorant  və dissertantlar çıxış edərək qəbul prosesinin düzgün, ədalətli və şəffaf keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

 

Sonda vəsiqələr verilib, xatirə şəkli çəkdirilib.



30.01.2019 | 14:38