“Sən də beynəlxalq könüllü ol” adlı məlumatlandırıcı seminar

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral –Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

 

Tədbirin üçüncü günü proqramın “Yaşa” istiqaməti çərçivəsində “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, “AIESEC Azərbaycan” Beynəlxalq Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Sən də beynəlxalq könüllü ol” adlı məlumatlandırıcı seminar keçirilib. 

 

Seminarın məqsədi tələbə-könüllülərin maariflənməsi, xaricdə könüllülük təcrübəsi qazanması üçün imkanların artırılması və Azərbaycanın xaricdə könüllülər tərəfindən yaxşı şəkildə təmsil olunmasına şərait yaradılmasıdır. Tədbirdə 40-a yaxın tələbə-könüllü iştirak edib.

 

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin  şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

 

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.  

 

Tədbir fevralın 2-dək davam edəcək.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.



31.01.2019 | 12:16