“Nəsimi ili” müəllimlərin qarşısına yeni vəzifələr qoyur

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. İmzaladığı fərman və sərəncamlarla klassiklərimizin irsinin ölkəmizdə və bütün dünyada tanıdılmasına ardıcıl fikir verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ili ölkəmizdə  “Nəsimi ili” elan edib.

 

Bu barədə verilən sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanır. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı xüsusi qeyd olunan sərəncam Nəsimi irsinə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu sənəd Azərbaycan mədəniyyətinin, zəngin tarixi mədəni irsinin təbliğinə yol açan çox böyük töhfədir. Nəsimi dünyada layiqincə tanıdılmalıdır. Bu sərəncam bir daha təsdiq edir ki, Nəsimi yaradıcılığı, onun şeirləri və qəzəllərini öyrənmək, irsini araşdırmaq elmimizin, pedaqoji fikrimizin vacib məsələlərindən biridir.

 

Təhsil islahatları aparıldığı, təhsilimizin inkişaf etdirilməsi yolunda əməli addımlar atıldığı bir zamanda cari  ilin “Nəsimi ili” elan edilməsi qarşıya  qoyulan qlobal vəzifələrə yeni məzmun, yeni məna verir. Aydındır ki, “Nəsimi ili”ndə Nəsimi irsinə dair tədqiqlər genişləndiriləcəkdir. Bütün bunlar isə Nəsiminin yaddaşlarda əbədi qalmasına təkan verəcəkdir. Əminik ki, dahi şairimizin yubileyi onun adına layiq səviyyədə keçiriləcəkdir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq da buna əsas verir. “Nəsimi ili”ndə böyük şair bir daha xatırlanacaq, arxivlərdə, yaddaşlarda yatıb qalan qiymətli incilər üzə çıxarılacaqdır. Nəsimi şair, Nəsimi filosof, Nəsimi aşiq, Nəsimi-sufi, Nəsimi-hürufi, daha ümumiləşmiş tərzdə Nəsimi azərbaycanlı kimi rəngarəng yanaşmalar bir daha həm aydın, həm də geniş mənada səsləndirilmək imkanı qazanacaqdır. Əlbəttə, uzun illər Nizamini, Füzulini Azərbaycan şairi kimi tanımayan sovet rejimi böyük ideyalar carçısı, humanist şairimiz Nəsimini də azərbaycanlı kimi tanımağa razı ola bilməzdi. Buna düşmənlərimiz də razı olmazdılar. Etiraf etməliyik ki, bu yöndə təşəbbüslər də az olurdu. Əsl həqiqəti söyləyənlər də susdurulurdu.

 

Bu istiqamətdə ilk təşəbbüs ümummilli lider Heydər Əliyevə məxsus olmuşdur. O, 70-ci illərdə Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət etmiş, problemi dünya səviyyəsinə qaldırmış və Azərbaycanda YUNESKO-nun xətti ilə Nəsiminin 600 illik yubileyini qeyd etməyə nail olmuşdur. “Nəsimi” filmi də məhz bundan  sonra çəkilmiş, Bakıda böyük şairə heykəl də qoyulmuşdur. Uğurlu “Nəsimi” filmi şairi daha da məşhurlaşdırmışdır. Bununla yanaşı Nəsiminin özünəlayiq şəkildə öyrənilməsi və təbliği hələ davam edirdi. Bu yubileydən sonra canlanma başlandı, lakin nədənsə Nəsiminin ümumtəhsil proqram və dərsliklərinə gətirilməsi ləngiyirdi. Məsələn, Nizamiyə, Füzuliyə, Vaqifə, Sabirə proqramlarda xüsusi saatlar ayrıldığı halda, Nəsimi icmal qaydasında tədris olunurdu. Nəsiminin ölməz ideyaları və bu ideyalara hakim ideologiya baxımından yanaşmalar dərslik, proqram müəlliflərini də çətin vəziyyətdə qoyurdu. Nəsimi isə dillər əzbəri idi:

 

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri laməkan mənəm, kövni məkana sığmazam”,

 

sətirlərini bilməyənlər az tapılardı. Belə sərt tələblər hətta aşağı siniflərdə də Nəsiminin həyatına dair  maraqlı məlumatların verilməsinə mane olurdu.

 

Məlumdur ki, 1369-cu ildə Şamaxıda anadan olan  Nəsimi öz mürşidi Nəiminin ideyalarını yaymaq üçün Şərq ellərini, türk dünyasını qarış-qarış gəzmiş, yaddaşlara çoxlu xatirələr yazmışdır. Lakin hec zaman o, öz doğma Şirvanını yaddan çıxarmamış, Şamaxıda Şahxandan qəbiristanlığında dəfn olunan  şair qardaşı Şahxandanı tez-tez yad etmişdir:

 

Mən öləndə Şahxandanda basdırın

Çünki onun şahidi-Xəndanı var.

 

Lakin tale onun bu arzusunu da ona nəsib etməmişdir. Onun ölümünə dair müxtəlif əfsanələr bütün Şərqi dolanmışdır. Bu bir həqiqətdir ki, Nəsimi dinsiz olmamışdır. O, siyasi görüşlərinin qurbanı olmuşdur. Belə olmasaydı  910-cu hicri ilində Sultan Qansuva əl-Furi kimi nüfuzlu şəxs ona məqbərə tikdirməzdi. Onun haqqında yazan təzkirəçilər də bu fikirdə olmuşlar.

 

Şərqin ən böyük sənətkarlarından biri kimi tanınan Nəsimini Nəvai, Füzuli ilə bərabər bütün türk aləmində böyük şöhrətə malik ustad kimi qəbul etmişlər. Azərbaycanın tanınmış tədqiqatçılarından H.Qayıbov, F.Köçərli, Y.Çəmənzəminli, S.Mümtaz şairin Hindistanda, Türküstanda, Əfqanıstanda, məşhur olduğunu, Yaxın Şərqdə ondan tez-tez bəhs edildiyini qeyd edirdilər. Nəsimi poeziyasındakı işıqlı fikirlərin parlaq bədii boyalarla ifadəsi şair haqqında yüksək fikirlər doğururdu. Nəsiminin qəzəlləri də “çox gözəl və mənidar” sayılırdı.

 

Qeyd etmək lazımdır ki, XX əsrə qədər hürufilik haqqında dəqiq nəzəri fikirlər olmadığından nəinki hürufilik, ümumiyyətlə, orta əsr ədəbi cərəyanları ətraflı öyrənilməmişdir. Bu cərəyanlara dini baxışlar kimi yanaşırdılar. Ona görə də sovet rejimi dövründə Nəsimini böyük ideallar şairi kimi təqdim etmək mümkün  olmamışdır. Ümumiyyətlə, ötən əsrin 20-30-cu illərində mədəni irsdən istifadə etmək sahəsində bir sıra ciddi nöqsanlar buraxılmışdır. Bunların çoxu Stalinin ölümünə qədər davam etmişdir. Ona görə də belə şairlər haqqında kitablar  yazılmırdı. Həm də bütün bunlar böyük cəsarət tələb edirdi.

 

Ötən əsrin 70-ci illərində  Heydər Əliyevin Suriyaya səfərindən sonra bu məsələ gündəmə gəldi. Bu zaman Xalq şairi Rəsul Rza Nəsiminin qəbri haqqında geniş açıqlama vermiş, bu sahədəki  məlumatları genişləndirmişdir. Sovet hakimiyyəti illərində Nəsimi haqqında çoxlu tədqiqatlar aparılsa da, kitablar yazılsa da “Nəsimi boşluğu” hələ öz həllini gözləyirdi. Ulu öndər Heydər Əliyevin Nəsiminin 600, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin  650 illik yubileylərinin qeyd edilməsinə dair sərəncamları  Nəsimi irsinə marağı bir daha artırdı və  bütün bunlar alimlər, pedaqoqlar, o cümlədən məktəb rəhbərlərini düşündürən yeni vəzifələr ortaya qoydu. Nəsimini öyrənmək, təbliğ etmək Azərbaycan  xalqının zəngin mədəni irsini bütün dünyaya çatdırmaq üçün yeni imkanlar açdı. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlər də təqdirəlayiqdir.

 

Dərs ilinin ortasıdır. “Nəsimi ili” isə yeni başlayıb. Qarşıda təhsil işçilərini  çoxlu işlər gözləyir.

 

Məktəblərdə dərs prosesində və məktəbdənkənar məşğələlərdə böyük humanist şairin irsinin öyrənilməsinə ardıcıl fikir verilməsi artıq öz başlanğıcını götürmüşdür. İnanırıq ki, vaxtı çatdıqda bütün bunlar  proqram və dərslikdə də öz əksini tapacaqdır. Təhsil işçiləri “Nəsimi ili”nin onlara verdiyi imkanlardan səmərəli istifadə etməlidir.

 

Bizim məktəbimizdə   bu sahədə başladığımız işlər maraqla qarşılanır və ilk nəticələrini verir. İndi uşaqlar Nəsimini daha yaxşı tanıyır, daha çox sevirlər. Biz Prezidentimizin bu sərəncamına milli mədəniyyətimizi ümumdünya mədəniyyətinə qovuşduran mənəvi dəyərlərimizdən biri kimi baxırıq. İnanırıq ki, bu sərəncam məktəblərimizdə şagirdlərin Nəsimi haqqında biliklərinin zənginləşdirilməsinə yardım edəcək, onları ərazi bütövlüyümüz uğrunda mübarizəyə ruhlandıracaq.

 

 

Elnarə MƏMMƏDOVA,

Bakı şəhər 165 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini,  pedaqogika üzrə fəlsəfə doktoru

 

 

 

 

 

 

 

 



01.02.2019 | 16:13