“Qış məktəbi” yenidən fəaliyyətə başlayır

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-ci ilin fevralından yaradılan “Qış məktəbi” layihəsi yenidən fəaliyyətə başlayır. Fevralın 4-dən etibarən Qırğızıstanın Qırğız Rus-Slavyan Universitetinin, Slovakiyanın Koşitse Universitetinin, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin 40 nəfərdən ibarət tələbə və müəllim heyəti ölkəmizə gələcək.

 

10 gün davam edəcək “Qış məktəbi”ndə əcnəbi tələbələrə AzMİU-nun Memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyacaq, ustad dərsləri  keçiriləcək, sonra tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olması üçün avtobusla turlar təşkil olunacaq, burda əyani dərslər gerçəkləşəcək. Eyni zamanda “Bakı bulvarından transformerlər” adlı vorkşopun da keçirilməsi nəzərdə tutulub. Səfər çərçivəsində tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər -  Heydər Əliyev mərkəzi, “Üç alov” qülləsi, “Yarat” İncəsənət mərkəzi, Olimpiya stadionunda olacaq, bu tikililər barədə onlara ətraflı məlumat veriləcək,  Şəhidlər Xiyabanı da ziyarət ediləcək. Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının tarixi yerləri – İçərişəhər, Atəşgah və Qala qoruğuna gəzintiləri də nəzərdə tutulub.  Bundan başqa, “Qış məktəbi” tələbələrinin bölgələrə səfərləri də planlaşdırılıb, onlar Qəbələ-Mingəçevir-Şəki turu ilə Tufandağ qış-yay turizm kompleksini, Şəki Xan sarayını, Karvansarayı gəzəcək, Mingəçevir şəhəri ilə tanış olacaq, Mingəçevir Su-Elektrik Stansiyasına  baş çəkəcəklər.

 

Məlumat üçün qeyd edək ki, ilk dəfə Rusiyanın Tambov və Voronej Dövlət Texniki Universitetindən  36 nəfər “Qış məktəbi” layihəsində iştirak etmək hüququ qazanmışdı. Ötən il isə Voronej və Tambov universitetlərinin sırasına Kuban Dövlət Universitetinin tələbələri də qoşulmuşdu. Layihənin gerçəkləşməsində əsas məqsəd təkcə universiteti xarici ölkədə tanıtmaq deyil, eyni zamanda Azərbaycanı, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini təbliğ etməkdir.

 



02.02.2019 | 16:23