ADPU-nun rektoru fəal tələbələrlə görüşüb

Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2 Fevral-Gənclər Günü münasibətilə universitetin bir qrup fəal tələbəsi ilə görüşüb. Görüşdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, rektor köməkçisi Riyad Rüstəmli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov iştirak ediblər.

 

Rektor Cəfər Cəfərov tələbələri 2 fevral-Gənclər Günü münasibətilə təbrik edib, onlara  təhsildə uğurlar arzulayıb. Rektor qeyd edib ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Gənclərin hər bir xalqın, dövlətin gələcəyi olduğunu vurğulayan rektor müəllim peşəsini seçən gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Tələbə gənclərə öz tövsiyələrini verən rektor deyib:“Sizin gələcəkdə bilikli, bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərməyiniz xalqımızın, dövlətimizin daha da güclənməsində mühüm rol oynayacaq. Siz Azərbaycan məktəbini yeni bir keyfiyyət mərhələsinə gətirməlisiniz. Gənclər müstəqil dövlətimizin qədrini bilməli, onu göz-bəbəyi kimi qorumalıdırlar”.

 

Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, bu görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbələri iştirak edirlər. Bu gənclər öz müsbət fəaliyyətləri ilə özlərini təsdiq ediblər. Professor F.Rzayev gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.

 

Görüşdə 2018-ci ildə təhsildə və ictimai fəaliyyətdə fərqləndiyinə görə 2 fevral-Gənclər Günü münasibətilə  Aytən Bağırova, tələbələrin vətənpərvərlik hissinin  yüksəldilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə   Taleh Mirzəyev, mədəniyyət sahəsində fərqləndiyinə görə    Məxfirət Hüseynova, idman sahəsində fərqləndiyinə  görə  Rəvan Fərzaliyev, əcnəbi tələbələrin universitetin ictimai həyatında fəal iştirakı ilə bağlı apardığı məqsədyönlü işlərə görə  Hakan Köse, tələbələr arasında ictimai fəaliyyətdə xüsusi fərqləndiklərinə görə  Flora Kərimli, Sona Həsənova “İlin gənci” nominasiyası üzrə qalib kimi fəxri fərmanla,  tələbələr arasında ictimai fəaliyyətdə fərqləndiklərinə görə isə bir qrup tələbə təşəkkürnamə ilə təltif ediliblər.

 

Tələbə-gənclər onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 



03.02.2019 | 14:37