“Frazeoloji birləşmələr” mövzusunun tədrisi təcrübəsindən

Fənnindən və  tədris  etdiyi  mövzudan  asılı olmayaraq, müəllimin  əsas vəzifəsi  həyatla üz-üzə durmağı bacaran müstəqil fikirli, bacarıqlı şəxslər formalaşdırmaqdır.

Artıq  neçə illərdir ki, yeni  texnologiyalardan  istifadə yolu  ilə kurikulum proqramlarına   uyğun olaraq dərsləri şagirdlərin  müstəqil işi  üzərində qururuq. Bu baxımdan mən V sinifdə  Azərbaycan  dili  fənnindən  “Frazeoloji  birləşmələr” mövzusunun tədrisi  təcrübəsini həmkarlarımla bölüşmək istərdim.

Qeyd etmək lazımdır ki, yeni düşüncəli şəxsiyyət formalaşdırmağın yolu  vətənə  dəyərli övlad olmaqdan keçir. Bu  baxımdan keçilən mövzuların  vətənpərvərlik  ruhuna  köklənməsi vacibdir. Vətənə məhəbbət, eyni  zamanda ana  dilinə məhəbbətdən qaynaqlanır. Ana  dilinin zənginliyinə  bələd olmaq, bu əvəzsiz xəzinənin incilərini  heyranlıqla çözələmək, hər sözün  yerini  və  mənasını dərindən bilmək nəticədə ana  dilini sevməyə gətirib  çıxarır. Tədrisi təcrübəsini  sizinlə  bölüşmək istədiyim  frazeoloji birləşmələr  də  dilimizin  zənginliyini, adi fikrin  bədii  çalar  almasını, fikrin daha dəqiq  və aydın  ifadəsini  əsaslandıran  leksik  vahidlərdir. Dilimizdə sıx-sıx işlənən “qulaq asmaq”, “fikrə  getmək”, “başa  düşmək”, “ yola düşmək” və s. frazeoloji birləşmələrlə  yanaşı, yeniyetmə və  gənclərin mənasına bələd olmadığı ifadələr  də çoxdur. Məsələn, başına hava gəlmək (dəli olmaq, havalanmaq), öz  arşınıyla  ölçmək (başa düşdüyü kimi qiymətləndirmək), Araz aşığındandır, Kür topuğundan (dünya  vecinə deyil, öz  kefindədir), yetənə yetir, yetməyənə daş  atır (hamıya  sataşır),  öz çulunu sudan  çıxartmaq (işin öhdəsindən bir təhər gəlmək), ağzı açıla  qalmaq (heyrətlənmək) və s.

Şagirdlər  tərəfindən mövzunun  müstəqil mənimsənilməsinin və  tədqiqatın uğurlu aparılmasının açarı, demək olar ki, tapşırıqlar  sisteminin  yaradılmasındadır. Bunu əsas tutaraq mən  şagirdlərə  frazeoloji birləşmələrin məcazi  mənalı birləşmə və  əsasən  fel tərkibli olduğunu  izah  edib, hər  birinə (ev  tapşırığı kimi) bir  neçə  bu cür birləşmə yazmalarını  tapşırdım. Ev  tapşırıqlarının nəticələrini   təkrara  yol  vermədən bir  sistem  halına  saldıq:

1. Xəbər  onun canına  yağ  kimi  yayıldı (sevindi).

2. Çox  döşünə döymə (öyünmə), nəticəni sabah görəcəyik.

3. Dadaş dabanına tüpürüb həyətdən çıxdı (tez getmək).

4. Vallah, lap başımı  itirmişəm (çaşmışam).

5. Dostunu incitmisən, get könlünü al (barış).

Bu nümunələr şagirdlərin bədii əsərlərdən  tapdığı nümunələr idi. “Bəs  adi  danışıq  dilində  hansı frazeoloji  birləşmələrdən istifadə edirik?” sualına cavab olaraq şagirdlər “qulaq asmaq,” “başa düşmək”, “yola düşmək”, “cin vurdu təpəmə”, “boynuna göturmək”, “gözə gətirmək” , “gözü düşmək”, “gözdən  düşmək”  və  s.  nümunələri  qeyd  etdilər.

Dərsin sonrakı  mərhələsində qrup işi şəklində  şagirdlərə verilmiş nümunələr əsasında rabitəli (nəqli) mətn hazırlamaq tapşırığı verildi:

I qrup

qulaq asmaq

dabanına tüpürmək

başa düşmək

yola düşmək       

baş cəkmək

 

II qrup

əl tutmaq

göz yummaq

baş vermək

dil-ağız eləmək

dəridən-qabıqdan cıxmaq

 

III qrup

boynuna götürmək

gözləri kəlləsinə çıxmaq

göz qoymaq

dilə tutmaq

əldən buraxmaq

 

IV qrup

gözü ayağının altını görməmək

əldən düşmək

siçan deşiyi axtarmaq

işə düşmək

ağzına su almaq

Şagirdlər bu tapşırıq üzərində  işləməklə  həm  frazeoloji  birləşmələrin mənasına bələd olur, həm onların hansı məqamda  işləndiyini dərk edir, həm də onları  əlaqələndirib bir mətn daxilində işlətməyi öyrənirlər.

Qrup işləri  təqdim olunub  müzakirə edildi.

Mətnlərin məzmunu belə idi:

 

I qrup

Anası Elçinə  tapşırdı ki , qonşu kənddə yaşayan nənəsinə baş çəksin. Elçin anasının sözünə qulaq asıb, dərsdən  sonra  kəndə  getmək  qərarına  gəldi. O, dabanına  tüpürüb yola  düşdü. Yol  gedə-gedə bir  şeyi başa  düşdü ki, böyüklərə  qayğı lazımdır.

II qrup

Həyətimizdə  qoca  bir  kişi  yaşayırdı. Onun nə arvadı, nə də uşaqları var idi. Qonşular ona əl tutur, uşaqlar onun  işlərini görürdülər, evini silib-süpürür, zibillərini  atır, qonşular  isə xörək bişirir, paltarlarını yuyub-ütüləyirdilər. Hər dəfə biz dəridən-qabıqdan  cıxırdıq ki, qoca baba bizdən razı  qalsın. O da bizə dil-ağız  edir, bizim  yaxşı uşaqlar  olduğumuzu  deyirdi. Valideynlərimiz də bizi  tərifləyir və deyirdilər ki, hər hansı bir adamın pis gününə göz yummaq olmaz.

III qrup

Sabir  və  Əhliman eyni  məktəbdə, eyni  sinifdə oxuyurlar. Onlar bu gün  dərsdən çıxıb evə gedəndə  gördülər ki, bir oğlan küçədən keçən  qoca bir qadını itələyib özü avtobusa birinci minmək istədi. Sabir tez onun qolundan tutub qadının yolundan kənara çəkdi. Əhliman da onlara yaxınlaşdı. 2 dostu görən oğlanın qorxudan gözləri kəlləsinə çıxdı. Əhliman  dedi:

- Heç utanmırsan? Özün də məktəblisən. Qoca qadına kömək etməkdənsə, onu itələyirsən.

Oğlan etdiyi  hərəkəti boynuna götürmək istəmədi:

- Mən heç nə etmədim. Siz səhv edirsiniz.

Sabir dedi:

- Biz sənə göz qoyurduq. Sən qaça-qaça gəlib dayanacağa  çatdın və avtobus  dayanacağında qoca  qadını  itələdin. Biz  səni  əldən  buraxmarıq. Səni oxuduğun  məktəbə aparıb, hərəkətlərini yoldaşlarına, müəllimlərinə danışacağıq. Görək onda nə deyəcəksən?

Oğlan onları  dilə  tutmaq  istədi:

- Məni bağışlayın. Bir də belə etmərəm. Sizə söz verirəm.

Dostlar ona inandılar, çünki o, səhvini anlamışdı.

IV qrup

Baba  nəvələrini yanına  çağırıb onlara tapşırdı ki, mən  bazara  gedib - gələnəcən bostan  yerini belləyib torpağı  boşaldın. Gələrəm, birlikdə tərəvəz  ləkləri düzəldib, əkin  əkərik. Payızda  məhsulumuz  bol olar, siz  də  doyunca  yeyərsiniz.

Baba bazara  getdi. Əli  deyindi:

- İşə düşdük də. Futbol oynamaq istəyirdim. İndi  gəl yer bellə.

Nazim dedi:

- Baba dedi,  deməli əldən düşsək  də, işləməliyik. Yoxsa  gərək siçan  deşiyi  axtaraq  gizlənmək  üçün.

Sərdar dinməz-söyləməz  beli götürüb yeri belləməyə başladı. Əli  hirsləndi:

- Nə ağzına su almısan? Forsundan gözün ayağının altını görmür. Nə olub? Belə işgüzar olmusan? Biz də işləməyi bacarırıq.

Bu sözlərdən sonra hər  üçü həvəslə işləyib baba  gələnə  qədər bostan  yerini  belləyib  qurtardılar.

Qrup təqdimatlarını  dinləyəndən sonra tapşırıq  verdim  ki, hər qrup öz  yazdığı mətni səhnələşdirsin. Səhnə 2 variantda  göstərilsin:

1) Frazeoloji  birləşmə  bugünkü  anlamda.

2) Frazeoloji birləşmədəki sözlər  həqiqi  mənada.

Dərsin  bu hissəsi uşaqların daha  çox  marağına  səbəb  oldu. 2-ci variantın ifadəsi həm yaradıcılıq, həm də aktyorluq məharəti tələb  edirdi. Demək olar ki, bütün  sinif  gülürdü.

Mən  sual verdim:

- Sizi  gülməyə  vadar  edən  nədir?

Cavab:

- Frazeoloji  birləşmələri  həqiqi  mənada başa  düşmək  olmaz. Onda  gülünc  vəziyyət  yaranar. Sənə gülərlər.

- Onda  bu birləşmələr  haqqında  qənaətinizi  qeyd  edin.

Qənaətlər  belə  oldu:

1) Frazeoloji birləşmələr 2 və daha  çox sözdən  ibarət olur.

qulaq asmaq  (2)

cin başına vurmaq  (3)

gözü   ayağının  altını görməmək  (4).

2) Frazeoloji birləşmələr məcazi  mənada olur, onun tərkibindəki sözləri həqiqi  mənada anlamaq olmaz (gülməli olur).

3) Frazeoloji birləşmələrin mənasını bir sözlə  ifadə etmək  olur.

qulaq asmaq - dinləmək

cin başına vurmaq - hirslənmək

gözü ayağının  altını  görməmək - forslanmaq, başqasını  bəyənməmək.

4) Frazeoloji birləşmənin  bir  tərəfindən o biri  tərəfinə  sual  vermək  olmaz.

Qulaq asmaq - nəyi asmaq? və ya qulağı nə etmək? - olmaz.

Məncə şagirdlərin özlərinin əldə etdiyi qənaət (bilik, nəticə) yaddaşlarında daha  dərin  iz  buraxacaq və onların qazancı  olacaq. Beləliklə, onlar ana dilimizin zəngin xəzinəsinin bir incisini də beləcə dəyərləndirəcək, öz  nitqlərini zənginləşdirəcəklər.

 

Elmira ALLAHVERDİYEVA,

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin  Azərbaycan  dili  və ədəbiyyat müəllimi

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

 

 



06.10.2017 | 15:16