Humanist mühit, obyektiv yanaşma

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası  fevral ayının 1-dək davam edib.

 

Kollecdə fərqli imtahan modelləri (test üsulu, yazılı imtahan) tətbiq edilir. İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. İmtahanın nəticələri barədə məlumatlar operativ olaraq kollecin saytında (www.bitkol.edu.az “Tələbələr” + “İmtahan nəticələri”) müvafiq bölmədə yerləşdirilir.

 

Kollecin rəhbərliyi tərəfindən təlim-tərbiyə işlərinin keyfiyyətcə yüksəldilməsi məqsədilə bir neçə istiqamətdə  müəllim, tələbə və valideynlərlə məqsədyönlü iş aparılır.

 

BİTK-də  qış imtahan sessiyasının mövcud qaydalara, normativ sənədlərə uyğun təşkili, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin olunması, daxil olan hər bir şikayətin qısa müddətdə  araşdırılıb lazımi tədbir görülməsi, həmçinin imtahanlarda aşkarlığın təmin edilməsi üçün tələbələrin və  valideynlərinin iştirakına şərait yaradılması kollec rəhbərliyinin diqqət mərkəzindədir.

 

Kollecdə  bu istiqamətdə müvafiq tədbirlər görülur. Tələbələrin imtahan nəticələrindən narazı qaldığı halda apelyasiya şikayəti vermək hüququ təmin edilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə tələbələrin müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması üçün Münaqişə Komissiyası yaradılıb. Münaqişə Komissiyasına müraciət edən tələbələr səbrlə dinlənilir və müvafiq qərarlar qəbul olunur.

 

Bu günədək Münaqişə Komissiyasına  129 tələbə müraciət edib. Bu müraciətlərin 119-u yazılı qaydada, 10-u isə test  üsulu  ilə  verilən  imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə  araşdırılıb.  Yazılı  imtahanlarla  bağlı  10,  test üsulu ilə verilən imtahanlara  dair 1 müraciət tələbələrin xeyrinə həll edilib. Kollecdə “Açıq qapı” günü təşkil olunub.  Tələbələrin bir qrupunun  valideynləri  “Açıq qapı”da iştirak  edib.

 

Valideynlər kollecdə imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirərək, şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildirirlər.

 

Rəsmiyyə Ağayeva  qızı Salahova Sadiqənın  “Mühasibat  uçotu”  ixtisası  üzrə II kurs, U-135 qrupunun tələbəsi olduğunu, qızının imtahanlara yaxşı hazırlaşdığını, imtahanları da uğurla verdiyini, kollecdə tələbənin biliyinə uyğun olaraq, tam ədalətli qiymətləndirmə aparılması üçün bütün şəraitin yaradıldığını söylədi.   O, qeyd etdi ki, mən ikinci dəfədir kollecdə oluram. Amma mənə hər şeydən çox xoş gələn kollecdə yaradılan sağlam, işgüzar, tələbələrə qayğı ilə yoğrulmuş humanist mühitdir. İstər rəhbərlik, istərsə də müəllimlər tələbələrin problemlərinə, onları düşündürən məsələlərə çox həssaslıqıla, qayğı ilə yanaşırlar. Problemlərin üstünə gedib, onları yerindəcə operativ şəkildə həll etməyə çalışırlar.

   

Yaşar İsgəndərov  nəvəsi Camalın birinci kurs tələbəsi olduğunu, hazırda imtahan verdiyini söylədi. O, nəvəsinin çalışqan olduğunu, böyük məsuliyyətlə imtahanlara hazırlaşdığını qeyd etdi. Əminliklə bildirdi ki, nəvəsi Camal əvvəlki imtahanlarda olduğu kimi, indi də bütün imtahanları uğurla verəcək. Y.İsgəndərov tələbələrin imtahanlara hazırlığını yüksək səviyyədə təmin etmək üçün kitabxanada yaradılan şəraitdən, keçən illərdən fərqli olaraq kitabxananın çox dəyişməsindən, yaxşı təmir olunmuş oxu zallarında imtahan guşəsi yaradılmasından, imtahanlara  düşən fənlər üzrə dərsliklər və əlavə ədəbiyyatların təchiz olunmasından ağız dolusu danışdı.

 

Bir sözlə,valideynlər  qış imtahan sessiyasının şəffaf, obyektiv  keçirilməsinə əlverişli mühit   yaradıldığını,   tələbələrə olan humanist münasibətin olduğunu dilə gətirərək,  BİTK-in direktoru, dosent Faiq Şahbazlıya  təşəkkürlərini bildirdilər.

 

 

Şakir CƏFƏROV

 

 

 

 

 

 



02.02.2019 | 13:37