“Müəllim şagirdlərdə müxtəlif bacarıqları kəşf etməlidir”

Nərmin Mehdiyeva 1994-cü ildə Samux rayonunun Kəsəmən kəndində anadan olub.  2011-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Samux rayonu Hacallı kənd ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində təkrar iştirak edərək 54 balla Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb.

 

- Nərmin müəllim, inkişaf etdirmək üçün hər zaman inkişafda olmaq lazımdır. Bəs siz müəllimin inkişafını nədə görürsünüz?

 

- Müəllimin inkişafı onun təcrübəsi və öyrəndiyi bilikləri şagirdlərinə çatdırmasıdır. Öyrədənin inkişafı onun şagirdlərinin, yetirmələrinin nəticələri ilə birbaşa əlaqəlidir. Təhsildə elektron innovasiyaların istifadəsinin genişləndiyi bir dövrdə müəllim dərslərini dünya təhsil sistemi ilə uyğunlaşdıraraq yeni təlim metodlarının tətbiqindən istifadə etməlidir. Artıq müəllim yalnız fənnini bilməklə kifayətlənməyib, digər fənlərlə də dərslərini inteqrasiya edərsə, bu, həm onun inkişafına, həm də şagirdlərin bütün fənlərə qarşı marağının artmasına gətirib çıxara bilər. Təcrübəmə əsasən onu qeyd etmək istəyirəm ki, əvvəlki tədris ili və bu il qoşulduğum “eTwining Plus” layihəsi, mənim  dünyanın bir çox ölkələrindən olan müəllimlər və şagirdlər ilə tanışlığıma səbəb oldu. Bu layihə ilə həmçinin başqa ölkələrin tədris prosesini izləyib təcrübə əldə etdim. Müəllimin inkişafının ən başlıca amillərindən biri də onun şəxsi mütaliəsidir. Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq mənim də özümüinkişafımda mütaliə xüsusi yer tutur.

 

- Tədrisdə hansı yeniliklərdən istifadə edirsiniz?

 

- Dərslərimi qurarkən yeni təlim üsulundan-kurikulumdan istifadə etməyə çalışıram. Kurikulumun nəticəyönümlülük, tələbyönümlülük və interaktivlik kimi tələbləri müasir təlim üsullarını həyata keçirməyə imkan yaradır. Məktəbimizdə bu standartları həyata keçirmək üçün şəraitin olması  dərslərimdə elektron lövhələrdən və başqa informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə etməyimə imkan verir. Belə olan halda şagirdlər əyani şəkildə görüb öyrəndikləri məlumatları daha yaxşı qavraya bilirlər. Dərslərimi qurarkən çalışıram ki, şagirdlərin ümumi yaş səviyyələrini və maraqlarını nəzərə alaraq, bir sıra yeniliklərdən istifadə edim. Buna nümunə kimi ədəbiyyat fənnindən müxtəlif əsərlərin teatrda səhnələşdirməsini həyata keçirməyimizi göstərə bilərəm.

 

- Tədris apardığınız sinifdə şagirdlərin sizin fənninizə marağı necədir?

 

- Mənim təcrübəmə və müşahidəmə əsasən əgər şagirdlər müəllimin öz fənnini sevdiyini hiss edirlərsə, o zaman şagirdlərin dərsə olan marağının artması üçün əsaslı səbəb yaranır. Bundan başqa, hər iki fənnim üzrə şagirdlərlə müxtəlif kiçikhəcmli layihə və yarışlar keçirirəm. Belə ki, bədii ədəbiyyata marağın artması üçün müsabiqə elan edərək hər ayın sonu oxunan kitabların müzakirəsini aparırıq. Azərbaycan dilindən isə divar qəzeti hazırlayaraq hər ay şagirdlərin yeni öyrəndiyi sözləri qeyd edirik. Belə olan halda şagirdlərdə rəqabətlilik artır. Daha böyük siniflərdə isə izahlı lüğət tərtib edərək dilimizdə hər kəs tərəfindən anlaşılmayan sözləri qeyd edirik. Bu layihəmizi gələcəkdə daha da inkişaf etdirməyi düşünürük. Şagirdlərin özlərinin fəal olduğu bu kimi müsabiqələr onlarda  öyrənmə prosesində öndə getməyə həvəs yaradır.

 

- Azərbaycan dili fənnini şagirdlərinizə necə sevdirə bilirsiniz?

 

- Şagirdlərimə hər zaman Azərbaycan dilində doğru-dürüst danışmağın hamımızın borcu olduğunu bildirmişəm. Bir xalqı yaşadan onun dilidir. Elə bu səbəbdən hər zaman dilimizə sahib çıxmalıyıq. Dərs prosesində tarix boyunca dilimizə olan yad təsirlərdən danışaraq, müasir dilimizin belə sınaqlardan üzüağ çıxması üçün bizim dilimizi dərindən bilib, onun bütün mahiyyətini dərk edərək öyrənməli olduğumuzu bildirirəm. Çalışıram ki, Azərbaycan dili fənnini uşaqlara yalnız elm kimi yox, eyni zamanda bizə verilən bir əmanət kimi öyrədəm. Həmin əmanət ki, öz ana dilində yazdığına görə müxtəlif məhdudiyyətlərlə rastlaşmış, yenə də dilindən dönməyən insanların - B.Vahabzadənin, B.Çobanzadənin, M.Şəhriyarın, C.Məmmədquluzadənin və başqa ədiblərimizin əmanətidir.

 

- Bir sinifdə bütün şagirdlər çalışqan ola bilərmi?

 

- Belə bir halla rast gəlməsəm də, mümkün ola biləcəyinə inanıram. Əslində başqa prizmadan baxsaq şagirdlərin hər biri çalışqan, təlim və tərbiyəsi yerində ola bilər. Məlumdur ki, şagirdin təlim-tərbiyəsində şagird qədər müəllim və valideyn də əsaslı rol oynayırlar. Əgər çalışqan olmayan bir şagirdə müəllim və valideyn tərəfindən yetərincə inam və dəstək göstərilsə o şagird hər şeyi bacara bilər. Tədris prosesində olan bir hadisədən nümunə gətirmək istəyirəm (baş vermiş hadisədir). Müəllim uşaqlara: “Kim olmaq istəyirsiniz?” deyə sual ünvanlayır, şagirdlər yazılı şəkildə cavab hazırlayırlar. Sinifdə çalışqan olmayan, həmişə sakitliyi ilə seçilən bir şagird belə bir cavab yazır: “əlaçı olmaq...”. Məncə, bu cavab bütün müəllimlərə öyrədə bilər ki, istənilən şagird çalışqan ola bilər. Əgər müəllim istəsə. Qeyd etmək istəyirəm ki, müəllim şagirddə müxtəlif bacarıqları kəşf etməlidir. Hər hansı bir şagird dil qaydalarını mükəmməl bilməyib, amma tarda, rəsmdə və s. başqa sahədə özünü çox gözəl ifadə edə bilər.

 

- Müəllim həmkarlarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?

 

- Müəllimlik ali bir peşədir. Bu peşənin marağı və fədakarlığı kimi, ağırlığı da var. Bildiyimiz kimi cəmiyyətdə müəllimlərin nüfuzu böyükdür. Müəllim öz şəxsiyyətini yalnız şagirdləri arasında deyil, ictimai yerlərdə də qorumalıdır. O, həyata baxışı, ədaləti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə  əlaqələr  üzrə məsul şəxsi

 

 

 

 

 

 

 

 

 



02.02.2019 | 14:29