Qazax rayonunda məktəb açılışı

Fevralın 4-də S.Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

 

Məktəbin açılışında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov, Qazax  Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. İlqar Mahmudov təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

 

Sonra Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı çıxış edərək ölkə rəhbərliyi və Təhsil Nazirliyinə məktəbin əsaslı təmirinə görə Qazax rayon təhsil işçiləri  adından öz təşəkkürünü bildirib.

 

Açılış mərasimindən sonra tədbir iştirakçılar tədris ocağında yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, məktəb 964 şagird yerlikdir. Məktəbdə 3 laboratoriya, 2 kompüter  otağı,  yeməkxana, kitabxana, akt zalı, 2 idman meydançası, qazanxana, içməli su anbarı və bir transformator yarımstansiyası var.

 



04.02.2019 | 13:46