Gürcüstanda buraxılış imtahanları ləğv olunur

Məzunlar attestatı necə alacaq? Gürcüstanın  orta məktəblərində  buraxılış imtahanlarının ləğv olunması barədə məlumatlar ölkədə əsl rezonans doğurub.  Ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tezliklə məktəb şagirdləri tərəfindən attestatın alınması proseduruna aydınlıq gətirib. İdarənin mövqeyinə əsasən, attestatın alınması üçün şagird bütün fənlər üzrə müsbət qiymətlərə  malik olmalıdır, yəni beş və daha çox bal toplamalıdır (Gürcüstan məktəblərində 10 ballıq qiymətləndirmə sistemi qüvvədədir).


"2018-2019-cu  tədris ilindən başlayaraq  XI və XI siniflər üçün keçirilən dövlət buraxılış imtahanları ləğv edilib. Buraxılış imtahanlarından kəsilənlər və ya imtahanlara buraxılmayanlar bir şərtlə attestat ala bilərlər ki,  onların  bütün fənlər üzrə müsbət qiyməti, yəni 5 və daha yüksək balları  olsun".  Attestatın verilməsi Təhsil xidmətlərinin inkişafı üzrə Agentlk tərəfindən müvafiq qanun  dəyişiklikləri qüvvəyə mindikdən sonra təmin olunacaq.


"Attestat alan məktəblərin məzunları  2019-cu və sonrakı illərdə  peşə və ya ali təhsil almaları üçün qeydiyyatdan keçmək hüququna malik olacaqlar.   Ümummilli imtahanlara qeydiyyatın müddəti müəyyən edilmiş qaydaya uyğun olaraq elan ediləcək",-deyə Təhsil Nazirliyinin açıqlamasında bildirilir.


Qeyd edək ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze fevralın 1-də keçirdiyi brifinqdə  XI və XII sinif şagirdləri üçün buraxılış imtahanlarının ləğv olunması barədə bəyanat verib.  “Təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-cu ildə attestat imtahanlarının yalnız XI sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu, düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparılıb. Nəticədə buraxılış imtahanlarının həm XI, həm də XII sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edilib”. Onun sözlərinə görə, "bizə gələcək nəslin imtahanlara hazırlığı deyil,  şagirdlərin biliklənməsinə yönəlik güclü və müstəqil məktəb  lazımdır.  Məktəbdə təhsilin alınması  ən böyük prioritetdir".


Xatırladaq ki, ölkədə  qəbul olunmuş təhsil sisteminin yeni modelinə əsasən, 2019-cu ildə ictimai məktəblərdə buraxılış imtahanlarının ləğvi yalnız XI sinif şagirdlərinə şamil olunurdu. XII sinif şagirdlərinin bu imtahanlardan azad edilməməsi isə cəmiyyətdə ciddi narazılıq doğurub.

 

Oruc MUSTAFAYEV

 

 



04.02.2019 | 17:00