Əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb

Fevralın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb.

 

Universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, son üç il ərzində SDU-nun tarixində ilk dəfə olaraq Dissertasiya şurasının yaradılması və elmlər doktoru proqramı üzrə doktorant hazırlığının həyata keçirilməsi, fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığının genişləndirilməsi təmin olunub. Universitetimiz bir çox xarici universitetlər arasında ikitərəfli və coxtərəfli formatda müqavilələr imzalanıb və əməkdaşlıq əlaqələri genişləndirilib. Tədris prosesində əldə edilən biliklərin təcrübədə tətbiqi  universitetin əsas hədəfidir. Bütün bunlar tələbələrin istehsalat təcrübəsinin təşkili, onların bacarıqlarının üzə çıxarılması, yeni nəsil peşəkarların yetişdirilməsi üçün unikal bir stimuldur. “Hazırda tələbələrimiz Azərbaycanda və xaricdə fəaliyyət göstərən müxtəlif müəssisələrdə, beynəlxalq şirkətlərdə təcrübə keçirl, öz nəzəri biliklərini təcrübədə tətbiq edirlər, bu da ölkənin kadr potensialına böyük töhfə olur”-deyən rektor diqqətə çatdırıb ki,  müasir tələblərə cavab verən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün  universitet-müəssisə əlaqələrinin qurulması vacibdir. E.Hüseynov tədris mərkəzi ilə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.

 

Vergilər Nazirliyi Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışıb, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırıb.

 

Görüşdə  Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universitetinin  birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili,vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, birgə tədbirlərin təşkili, yeni ixtisaslar üçün nəzərdə tutulan dərslik, dərs vəsaiti, monoqrafiyaların hazırlanması  məsələləri müzakirə edilib.

 

Görüşdə Mərkəzin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dosent Loğman Abdullayev iki qurum arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıblar.

 

 

 



05.02.2019 | 17:14