Həyatının uğur salnaməsini yazan gənclər | |
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli sərəncamı ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib. Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında mükafatların təqdimolunma mərasimi keçirilib. Həyatının uğur salnaməsini yazan gəncləri oxucularımıza təqdim edirik.
“Mənə olan inamı doğruldacağam”
2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan gənc “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb. Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da iştirak edib və birinci dərəcəli laureat seçilib.
- Mən qürur duyuram ki, cənab Prezident məni Gənclər üçün Prezident mükafatına layiq görub. Mənə olan inamı doğruldacağam. Sevincimin hədd-hüdudu yoxdur. Mükafata layiq olduğumu biləndə çox həyəcanlı idim. Sevincimi ilk olaraq evdə anamla, bacımla və həyat yoldaşımla bölüşdüm. Təltif olunma günü, görəndə ki, cənab Prezident yaxınlaşıb mənə diplomu təqdim edir, həyəcanım daha da artdı. Mən çox şanslıyam ki, həmin gün cənab Prezidentlə və Mehriban xanımla görüşdüm. Onlarla fəxr edirəm.
“Biz gənclərə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”
Avropa Komissiyasının Erasmus+ proqramının EVS (Avropa Könüllülük Xidməti) çərçivəsində “Gələcəyə Körpü” GİB-də EVS koordinator olaraq 2015-ci ildən 15 nəfərdən çox yerli gəncin Avropanın müxtəlif ölkələrində təcrübə keçməsi, o cümlədən könüllülük etməsi və 15 nəfərdən çox əcnəbi gəncin (Almaniya, Türkiyə və Polşadan olan) Gəncə şəhərində yerli gənclər üçün dil dərsləri, şəxsi və peşəkar inkişaf etmələri üçün müxtəlif növ fəaliyyətlər (seminarlar, görüşlər, təqdimatlar və s.) həyata keçirməsini təmin edib.
2017-ci ilin iyun ayından Azərbaycanda ilk dəfə olaraq Avropa Komissiyasının Erasmus+ proqramının rəsmi Məlumat Mərkəzinin yaradılması və icra olunması təşəbbüsünə qoşulub. Mərkəzin koordinatoru olaraq regionlarda yerli gənclərin proqramın imkanlarından yararlanması istiqamətində görüşlər həyata keçirib. İndiyədək bu istiqamətdə Bakı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində, Samux, Astara, Tovuz, Qazax, Bərdə, Şəmkir və Göygöl rayonlarında gənclərlə maarifləndirici görüşlər təşkil edib. Gənclərin şəxsi və peşəkar inkişafı, ətraf mühit və ekologiya, vətənpərvərlik, təhsil, məşğulluq, Avropada gənclər proqramlarında iştirak və s. mövzularında layihələrdə çalışır.
2016-cı ildə 2 fevral - Gənclər Günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin fəal gənci” nominasiyasına layiq görülüb. 2016-cı ilin oktyabrından “Gələcəyə Körpü” Gənclər Birliyinin icraçı direktoru vəzifəsində çalışır.
- Gənclər sahəsində ilkin fəaliyyətimə Gəncə şəhərində “Gələcəyə Körpü” GİB-də könüllülük edərək başlamışam. Həm sağlam ətraf, fərqli və innovativ düşüncəli gənclər, ideyalar, fərqliliklər, əyləncə və həm də ən əsası yeni təcrübələr əldə etmək baxımından bu təşkilat həyatımda misilsiz rol oynayıb.
Mənə verilən bu mükafat “ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir” deyərdim. Verilən mükafata və göstərdiyi diqqətə görə cənab Prezident İlham Əliyevə həm şəxsən, həm də Birliyimiz adından dərin minnətdarlığımı bildirirəm.
“Sevincimi heç bir sözlə ifadə edə bilmərəm”
- Bu gün muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənən, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup şəxs Gənclər üçün Prezident mükafatına layiq görüldü. Təltif edilənlər arasında mənim də adımın olması sevincini heç bir sözlə ifadə edə bilmərəm. Bu, mənim həyatımdakı ən böyük uğur, nailiyyətdir. Əməyimə göstərilən bu qayğı və diqqət, verilən bu dəyər məndə böyük ruh yüksəkliyi yaratdı, məni gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq etdi. Bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün səylə çalışacağam, öz ölkəmə, xalqıma layiqincə xidmət edəcəyəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə əməli işimlə cavab verəcək, fəaliyyət göstərdiyim A.Hüseynov adına Ağbulaq kənd tam orta təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli gəncliyin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.
“Bu yüksək etimad gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur”
- Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına elmi fəaliyyətimə yüksək qiymət verərək məni Gənclər üçün Prezident mükafatına layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə gənc alimlərə göstərilən xüsusi diqqətə və qayğıya görə təşəkkür edirəm. Hesab edirəm ki, ölkəmizdə alimlərə göstərilən bu yüksək etimad gənc tədqiqatçılarımız üçün böyük bir stimuldur.
“Yaradıcılıq bioqrafiyam üçün çox qiymətli mükafat”
- Prezidentin sərəncamı ilə gənclərin yüksək mükafata layiq görülməsi məndə yüksək təəssürat yaradıb. Əlbəttə ki, bir gənc olaraq Prezident mükafatına layiq görüldüyümə görə çox sevindim! Ümumiyyətlə, yaradıcı insanlara verilən qiyməti çox dəyərləndirirəm. Gənclər üçün Prezident mükafatı mənim yaradıcılıq bioqrafiyam üçün çox önəmli və qiymətli mükafat oldu!
“Azərbaycanımız üçün əlimdən gələni edəcəyəm”
2017-ci ildə Azərbaycan Turizm və Menecment Universitetini bitirərək “BUTA Art & Sweets” sosial biznesini yaradıb. Bundan əlavə, “Baku Business Factory” mərkəzində rezidentlik qazanıb, “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramına Azərbaycandan ilk sosial biznes layihəsi kimi seçilərək böyük uğurlara imza atıb. “Yunus & Youth” Sosial Sahibkarlıq Fellowship proqramının ən məsuliyyətli iştirakçısı kimi Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World” zirvəsində iştirak üçün tam təqaüd qazanıb. Müxtəlif görüş və tədbirlərlə xüsusi ehtiyacı olan xanımlar haqqında “əlillik” stereotiplərin sındırılması üzrə çalışıb.
“BUTA Art & Sweets” Azərbaycandan seçilən ilk sosial biznes layihəsi kimi 2018-ci ildə Cenevrədə keçirilən UNCTAD Gənclər Forumunda iştirak hüququnu qazanaraq BMT-də Azərbaycanda olan sosial sahibkarlığı təmsil edib.
2018-ci ilin mayında Sosial Biznes Gənclər Mərkəzi yaradıb. Mərkəzin əsas məqsədi sosial sahibkarlığı gənclər arasında maarifləndirmək, təbliğ etmək və gələcəkdə sosial bizneslərə lazımi dəstək göstərməkdir. 7 ay ərzində 3 ölkədə təmsil olunaraq və 11 təşkilatla əməkdaşlıq quraraq sosial sahibkarlıq mövzusuna aid gənclər üçün təmənnasız tədbirlər həyata keçirib.
- Gənclər üçün Prezident mükafatına layiq görülməyim haqqında məlumat alanda, çox təəccübləndim. Əslində bu, mənim üçün gözlənilməz oldu. Bu, mənim həyatımda aldığım ən ali mükafatdır. Mənə göstərilən bu etimada görə cənab Prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanımız üçün əlimdən gələn hər şeyi edəcəyəm. Yüksək mükafat aldığıma görə mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm.
Oruc MUSTAFAYEV
|
|
![]() |
08.02.2019 | 09:52 |
|
|
|