BMU-nun əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də universitetin nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

 

Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən keçirilən görüşdə qonaqları səmimi qarşılayan  “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov  ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye parklarının bu günü və gələcək hədəfləri haqqında ətraflı məlumat verib. Bildirib ki, sənaye parkının ərazisində prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarlara da ixrac olunur. Nazim Talıbov qeyd edib ki, ölkəmizdə ilk dəfə şüşə istehsalı müəssisəsi də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. O, tərəflər arasında əlaqələrin təşkili formaları, tələbələrin təcrübə keçmələri kimi  məsələlərlə  bağlı da danışıb və bu sahədə dünya təcrübəsindən nümunələr gətirib.

 

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər sahədə sürətli inkişafın olduğunu diqqətə çatdırıb. Son illərdə fəaliyyətə başlayan müasir texnologiyalı sənaye müəssisələrinin tam gücü ilə işləməsi üçün müasir bilikli kadr potensialının da hazırlanmasına ehtiyacın olduğunu diqqətə çatdıran rektor BMU-nun sənaye müəssisələri, xüsusilə sənaye parkları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.  Qeyd edib ki, BMU-da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli, qabaqcıl müəssisələrdə təcrübə keçən və müsbət vətəndaş xüsusiyyətlərinə malik kadr hazırlığı həyata keçirilir və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görülür.

 

Görüşdə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov, BMU-nun prorektorları Həmzağa Orucov, Bayram Hüseynzadə, Manafəddin Namazov,  İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova universitet–sənaye əlaqələrinin inkişafının ölkə iqtisadiyyatına verəcəyi töhvələrdən danışıblar. Qeyd ediblər ki, Bakı Mühəndislik Universitetinin gənc olmasına baxmayaraq innovativ texnologiyalı laboratoriyaları və müasir  bilikli akademik heyəti  sənaye müəssisələri ilə əməkdaşlıq sayəsində tələb olunan səviyyədə kadr hazırlığını həyata keçirə bilər.

 

Tədbirin sonunda iştirakçılar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin  ərazisində yerləşən müəssisələr və istehsal prosesi ilə tanış olublar.

 

 



09.02.2019 | 12:15