AzMİU-da “Uğurlu tərəfdaşlıq - real təcrübə” adlı görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin aparıcı istehsalat müəssisələrinin nümayəndələri ilə  universitet kollektivinin  “Uğurlu tərəfdaşlıq-real təcrübə” adlı görüşü keçirilib.

 

Görüşdə  AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, ölkənin 60-dan cox aparıcı dövlət və özəl müəssisələrinin (Zaferoğlu İnşaat MMC, Embawood MMC, AzerGold QSC, Təmiz Şəhər ASC, AzVirt MMC və s.) rəhbər və nümayəndələri, tələbələr iştirak edib.

 

AzMİU-nun  rektoru, professor Gülçöhrə Məmmədova görüşün məqsədinə toxunaraq universitetdə kadr hazırlığı məsələsində nəzəri biliklərlə yanaşı, praktik biliklərə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran əsas məsələ olduğunu,  bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin vacibliyini diqqətə çatdırıb.  Uğurlu tərəfdaşlığın davamında universitetin iş dünyası ilə olan əməkdaşlığının hər iki sahəyə olan müsbət təsirindən danışıb. 

 

Rektor kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib. “Hazırda AzMİU-nun  tələbə və məzunlarının iş dünyası ilə tanış olması üçün universitetdə bir çox istiqamətlərdə işlər aparılır. Universitetdə Təcrübə və karyera şöbəsi fəaliyyət göstərir, ölkənin aparıcı qurumlarından nümayəndələr universitetə dəvət olunur, onlar mütəmadi olaraq tələbələrlə görüşür, seminarlar keçirir və  praktik biliklərini tələbələrlə bölüşürlər”.  Rektor həmçinin bildirib ki, ötən ildən etibarən tələbələr ilk dəfə olaraq 14 həftəlik istehsalat təcrübəsinə göndərilib. Məhz bu cür təcrübələr zamanı  200-dən çox tələbə əməkhaqqı almaqla yanaşı, işlə də təmin olunub.

 

G.Məmmədova çıxışının sonunda ölkə iqtisadiyyatının müasir tələblərinə uyğun, praktiki bilik və bacarıqlara malik kadrların  hazırlanmasında universitetə göstərdiyi böyük dəstək və səmərəli əməkdaşlığa görə bir qrup istehsal müəssisəsinin rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim edib.

 

İstehsal müəssisələrinin rəhbər və nümayəndələri də öz növbəsində  universitet rəhbərliyinə  minnətdarlıqlarını bildirib, əməkdaşlığın davamlı olmasını arzulayıblar. AzerGold QSC-nin sədri Zakir İbrahimov, SOCAR-ın “Neftqaztikinti” trestinin müdiri Mirkazım Abbasov, Embawood şirkətinin direktoru Elşad Abbasov və başqaları AzMİU tələbələrini bu il də istehsalat təcrübəsi keçmək üçün rəhbərlik etdikləri müəssisələrə dəvət ediblər. Onlar üçün hər cür şərait yaradacaqlarını deyən qonaqlar kadr hazırlığı prosesində birgə əməkdaşlığın hər iki tərəfə böyük faydası olacağını vurğulayıblar.

 

 



08.02.2019 | 18:22