“İmzalı görüş” layihəsi çərçivəsində tədbir

Bakıdakı 283 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində  Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş geçirilib.

 

Tədbiri məktəbin direktoru Tünzalə Zeynalova açaraq  yazıçını daha yaxından tanımaq məqsədilə keçirilən görüşün şagirdlərin dünyagörüşünün və bədii ədəbiyyata olan maraqlarının artırılması, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi baxımında əhəmiyyətli olduğunu vurğulayıb.

 

Yazıçının həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra məktəbin şagirdlərinin yazıçının “Monte – Mario təpəsində ölüm”, “Quba kapriççiosu”, “Mavi mələklər” əsərləri əsasında hazırladıqları səhnəciklər göstərilib.

 

Xalq yazıçısı Çingiz Abdullayev  şagirdlərlə  səmimi ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, illərlə qazandığı təcrübə barədə danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Görkəmli yazıçı, həmçinin şagirdlərə  öz tövsiyələrini verib və onların suallarını cavablandırıb.

 

Tədbirin sonunda məktəbin ədəbiyyat müəllimi Ruhəngiz Cəbiyevanın yazıçıya xitabən söylədiyi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri səslənib. 

 

Xalq yazıçısı məktəb kollektivinə səmimi  şəraitdə keçən görüş üçün təşəkkürünü bildirərək, gələcəkdə də belə dəvətləri dəyərləndirəcəyini deyib və yüksək təəssüratlarla kollektivdən ayrılıb.

 

Rəşad ZİYADOV

 

 



10.02.2019 | 12:21