ADPU-da payız semestrinin imtahan sessiyası başa çatıb

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun  “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 11 dekabr 2018-ci il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb. Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

 

Payız semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunub. Apelyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib, universitetin saytında və facebook səhifəsində yerləşdirilib.

 

İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundovun verdiyi məlumata görə, yanvarın 4-dən fevralın 5-dək qərargaha ümumilikdə 293 nəfər tələbə müraciət edib. Bu müraciətlərin 283-ü yazılı qaydada, 10-u isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 283 müraciətin 262-si tələbələrin xeyrinə həll edilib, 21 müraciət isə əsassız hesab edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 10 müraciətin 7-si tələbələrin xeyrinə həll edilib, 3 müraciət isə əsassız sayılıb.

 

Apelyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun verdiyi məlumata görə, yanvarın 4-dən fevralın 5-dək komissiyaya ümumilikdə 2050 müraciət daxil olub. Bu müraciətlərin 2035-i yazılı qaydada, 15-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı 1511 müraciət araşdırılıb. 460 müraciət tələbələrin xeyrinə həll edilib, 1051 müraciət əsassız sayılıb.  Digər müraciətlərin araşdırılması davam edir. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 15 müraciətin 5-i tələbələrin xeyrinə həll edilib, 10 müraciət isə əsassız hesab edilib.

 

Həmçinin valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin universitetdə olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib. ADPU-nun  filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris  Departamentinə və rektorluğa məlumat veriblər.

 

ADPU-nun rəhbərliyi müntəzəm şəkildə auditoriyalarda olaraq imtahan prosesini müşahidə edib, öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə ADPU-da payız semestrinin imtahan sessiyası tam şəffaf  və obyektiv keçirilib.

 

 

 

 

 

 

 



10.02.2019 | 14:15