Təhsildə islahatlar bəhrəsini verdikcə, bu sahə üzrə şikayətlər azalır

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayilovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərdən, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsi dərc olunub. Müəllif öz məqaləsində vətəndaşlarla əlaqələrin qurulması, onların qəbulu və müraciətlərinin cavablandırılmasında dövlət orqanlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini dəyərləndirib.

 

Müəllif məqaləsində ötən ilin əsas uğurlarını qeyd edib və onun fikrincə, bu uğurların sırasında Prezidentin sərəncamları ilə böyük məbləğdə vəsait ayrılaraq tikintisinə start verilən məktəb binaları da var. Ötən il 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanması təhsilə böyük maraq göstərən Azərbaycan vətəndaşı üçün qiymətli faktdır. Odur ki, prezidentə ünvanlanan minnətdarlıq məktubları arasında məktəb inşasına görə olanların çoxluğu təəccüb doğurmur. Süleyman İsmayılov qeyd edib ki, minnətdarlıq məktublarının bir qismində vətəndaşlar son illərdə icrasına başlanılan mühüm bir layihədən - modul tipli məktəblərin inşasından razılıqlarını bildirirlər.

 

Məlumat üçün bildiririk ki, ölkə başçısının 2018-ci ildə imzaladığı 10 sərəncam əsasında ümumilikdə respublikanın 43 rayonunda 137 modul tipli məktəb quraşdırılıb.

 

Süleyman İsmayılov məqaləsində təhsil üçün müsbət olan daha bir faktı qeyd edir: “Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır”.

 

Məqalədə dövlət orqanlarında, idarə və təşkilatlarda sənədləşmə işinin, o cümlədən yazışmaların və vətəndaş müraciətlərinin müasir informasiya vasitələrinin köməyi ilə qəbulu və göndərilməsinin getdikcə daha geniş vüsət aldığı da vurğulanıb. Sevindiricidir ki, bu istiqamətdə də Təhsil Nazirliyində görülən işlər diqqətdən yayınmayıb. Belə ki, məqalədə "Qaynar xətt”, "Çağrı mərkəzi”, "Şikayət və təkliflər”, səyyar poçt qutuları, bütün dövlət orqanlarının rəsmi saytlarında yerləşdirilən "Müraciət etmək” xanaları və elektron poçt vasitəsilə müraciətlərin göndərilməsi faktlarının sayının artdığına diqqət çəkilir: “2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara daxil olan elektron məktubların sayı əvvəlki ilə nisbətən 7,9 faiz artıb. Bu barədə danışarkən daha operativ müraciət etmək üçün istifadə olunan çağrı mərkəzlərini xüsusi qeyd etməliyik”.

 

Statistikaya görə, çağrı mərkəzləri və ya Qaynar xətt vasitəsilə daxil olan şifahi müraciətlərin sayı Təhsil Nazirliyində 85 mindən çox olub.

 

 

Ruhiyyə

 

 



08.02.2019 | 17:25