İnteraktiv Elm Muzeyi yaradılıb

Növbəti tədris ilindən fəaliyyətə başlayacaq “Hədəf STEM” liseyində tədrisin qabaqcıl ölkələrdə getdikcə kütləviləşən STEM konseptinə əsaslanması nəzərdə tutlur. Bu konseptə görə elm, texnologiya, mühəndislik və riyaziyyat “toxunaraq və edərək”, fənlərarası inteqrasiya, təcrübələr və layihələr vasitəsilə öyrədilir.

 

“Hədəf STEM” liseyindən bildiriblər ki, muzeyin ideya müəllifi liseyin qurucusu və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq təhsil müəssisəsində 200 kvadratmetr sahəsi olan qapalı məkanı muzey üçün ayırdıqlarını söyləyib.

 

Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri tanınmış mühəndis Elçin Abbasovdur. O həm də muzeydəki təcrübələri hazırlayır.

 

Liseyin elmi məsləhətçisi Yalçın İslamzadənin sözlərinə görə, STEM təhsili adı altında bir çox hallarda mühəndislik və texnologiyanın yarandığı zəminin təbiət elmləri, riyaziyyat və informatika olduğu unudulur, sadəcə son mərhələ, bəzi hazır hissələrdən müəyyən layihələr ortaya çıxarmaqla əvvəlcədən bilinən nəticələrə gəlmək üzərində dayanılır, fundamental elmlərin əsas prinsip və qanunlarını dərindən öyrətmək yaddan çıxır. Məhz bu prinsiplərin işləməsini konkret təcrübələr üzərində göstərmək üçün fənn laboratoriyaları ilə birlikdə liseydə elm muzeyinin də qurulması qərara alınıb. Hazır məhsulları alıb muzeydə quraşdırmaq və onları şagirdlərə toxunmadan, uzaqdan nümayiş etdirmək əvəzinə, yerli imkanlarla  dinamik eksponentlər hazırlamağa üstünlük verilib. Beləliklə, şagirdlər dinamik eksponentlərə toxuna, kinematika, dinamika, elektromaqnetizm, termodinamika, optika və digər sahələrdəki prinsipləri və qarşılıqlı çevrilmələri müşahidə edə biləcəklər.

 

Muzeyin birinci mərhələsinin açılışının apreldə keçirilməsi nəzərdə tutulur. Açılış günü və həmin tarixdən etibarən şagirdlər muzeyi ziyarət edə, muzey bələdçisindən təcrübələr, qanunlar və çevrilmələr haqqında məlumat ala bilərlər. Liseyin rəhbərliyi əmindir ki, İnteraktiv Elm Muzeyini ziyarət etmək şagirdlər üçün unudulmaz təcrübə olacaq və onları elmlə daha dərindən maraqlanmağa həvəsləndirəcək.

 

Yusif ƏLİYEV

 



29.03.2018 | 13:31