Yeniyetmə boksçular arasında açıq respublika birinciliyi başa çatıb

Şağan Olimpiya İdman Kompleksində “Təhsil” RİM-in boks üzrə açıq respublika birinciliyində 25 komandanın 182 idmançısı iştirak edib.  2003-2004-cü il təvəllüdlü boksçular arasında keçirilən yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyən edilib. Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları ilə yanaşı “MOİK”, “Qaradağ”, “Qarabağ”, “Baku Fight Lab” və “Kür” idman klublarının komandaları da mübarizə aparıblar.

 


Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və III yerə isə Astara Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandaları layiq görülüb.

 

Qaliblər “Təhsil” RİM-in kubok, medal və diplomları ilə təltif edilib.
Yarışın keçirilməsinin əsas məqsədi mərkəzin 2003-2004-cü il yaş qrupu üzrə yığma komandasını formalaşdırmaq, idmançılar arasında dostluq əlaqələri yaratmaq, uşaq və yeniyetmələr arasında boks idman növünü təbliğ etməkdən ibarət olub.

 

 

Rəşad ZİYADOV

 

 

 



11.02.2019 | 15:48