ADPU baza məktəbində tədbir keçirib

Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun baza məktəbi olan Bakı şəhəri, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə  14 fevral- Beynəlxalq Kitabbağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, tanınmış uşaq yazıçısı, Filologiya fakültəsinin “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının professoru Zahid Xəlil, uşaq ədəbiyyatı tənqidçisi, həmin kafedranın professoru Füzuli Əsgərli, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova gənclərin kitaba, ədəbiyyata, mütaliəyə marağının artmasına müsbət təsir edən belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova çıxış edərək ADPU-nun rəhbərliyinin təbrikini iştirakçılara çatdırıb.  Z.Həsənova tədbirin təşkil edilməsinə verdiyi dəstəyə görə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənovaya təşəkkür edib. 14 fevral- Beynəlxalq Kitabbağışlama Gününün yaranma tarixi haqqında danışan Z. Həsənova bildirib ki, bu tarix ABŞ-da məşhur uşaq kitab saytının yaradıcısı Emmi Brodmorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. 2013-cü ildən bu günü bir çox ölkələr qeyd etməyə başlayıblar. Həmin vaxtdan  bu təşəbbüs bütün dünyada dəstək qazanıb və yenə də geniş dəstək alır.  Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. 14 fevral- Beynəlxalq Kitabbağışlama Günü son illər ölkəmizdə də qeyd olunur. Bu isə  uşaqlarda kitaba sevgi, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

 

Professorlar Z. Xəlil,  F.Əsgərli çıxış edərək tədbirin gənc nəslin mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Məktəbin şagirdlərinin səsləndirdikləri şeirlər tədbirə xüsusi ovqat qatıb.

 

Sonda müəllimlərə və şagirdlərə kitablar hədiyyə edilib.

 



14.02.2019 | 18:03