Məsafəni maneə bilməyən Qubanın gənc müəllimləri

Təhsilin keyfiyyət artımı son 5 ildə dəyişən rəqəmlərdə özünü göstərir. Hər rəqəmin arxasında isə fasiləsiz keyfiyyətli təhsili təmin etmək üçün həyata keçirilən davamlı islahatlar dayanır. Bu islahatlardan ən çox hiss ediləni və təqdir olunanı isə müəllimlərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilənlərdir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində Qubanın kəndlərində işə başlayan gənc müəllimləri yaxından tanıdıqca, bu peşənin artan nüfuzunun bir daha şahidi olursan.

 

Alman dili müəllimi Maral Yusifova, tarix müəllimi Nigar Bəşirova və biologiya müəllimi Gülər Abdullayeva Qubanın Qəçrəş kənd tam orta məktəbində, coğrafiya müəllimi Yasəmən Cəbrayılova, riyaziyyat müəllimi Kəmalə Fazilova və kimya müəllimi Arzu Məmmədova 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbində çalışdıqları ilk ildən təhsil müəssisəsinin göstəricilərinə təsir göstərməyə başlayıblar.

 

 

Hər gün Sumqayıtdan Bakıya müəllimlik üçün gəlir

 

 

Müəllimlik üçün böyük məsafələr aşan müəllimlər barədə çox yazılıb. Ancaq alman dili müəllimi Maral Yusifova o böyük məsafəni hər gün aşır. 24 yaşlı Maral Yusifova Qubanın Qəçrəş kənd tam orta məktəbində alman dili dərsi demək üçün hər gün Sumqayıtdan Qəçrəşə gedir.

 

2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır. Hazırda Azərbaycan Dillər Universitetində alman dili ixtisası üzrə magistr təhsili alır: “Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirib qaytarır. Magistr təhsili aldığım üçün dərsim olan günlər buraya gəlib-getməyə məcburam. Çətinliklərə baxmayaraq, işimi sevirəm. İşim məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də göstərdiyim cəhdləri boşa çıxartmırlar. Onları öyrətmək üçün mən nə qədər çalışıramsa, onlar da dərsi yaxşı mənimsəmək üçün əllərindən gələni edirlər”.

 

22 saat dərs yükü olan gənc müəllim 400 manat əməkhaqqı alır.

 

 

“Bildiyimi bölüşməyi yaxşı bacardığımdan uğur qazana biləcəyimə əmin idim”

 

 

Tarix müəllimi Nigar Bəşirova və biologiya müəllimi Gülər Abdullayeva da Qubanın Qəçrəş kəndinə buradakı tam orta məktəbdə çalışmaq üçün gəliblər.

 

Nigar Bəşirova 52 balla 2017-ci ildən məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Ali məktəbə də 500-dən artıq bal toplayaraq qəbul olunanlar arasında olub. Belə ki, 523 balla BDU-nun Tarix müəllimliyi ixtisası üzrə qəbul olunub.

 

Hazırda çalışdığı Qəçrəş kənd tam orta məktəbinin adını daşıdığı şəhid İbrahim Şahmərdanovun ailəsində kirayədə yaşayır: “544 manat maaş alıram. 24 saat dərsim var. Həvəsləndirmə tədbirləri çərçivəsində əlavə aldığım 60 manat da daxil olmaqla 600 manat əməkhaqqım olur.

 

Müəllimliyi həvəslə seçmişəm. Bildiyimi bölüşməyi yaxşı bacardığımdan bu sahədə uğur qazana biləcəyimə əmin idim. Yaşadığım ev məktəbdən bir az aralı olsa da, yol çox rahatdır”.

 

Gənc müəllimin sözlərinə görə, ona qədər kənddə müəllim çatışmazlığı olub. Bu səbəbdən uşaqlar tez-tez müəllim dəyişib. Bu da uşaqların bilik səviyyəsinə təsirsiz ötüşməyib. Artıq o günlər geridə qalıb. Müəllimini sevən şagirdlər hər gün verilən tapşırığı həvəslə yerinə yetirir, müəllimləri də onların mövzuları daha yaxşı mənimsəməsi üçün bütün yeni tədris metodlarından istifadə edir. Bu səbəbdən tarix üzrə məktəb şagirdlərinin səviyyəsi mütəmadi olaraq qalxır.

 

 

“Biologiya müəllimi olmaq istəyənlər də var”

 

 

Gülər Abdullayeva da Bakı Dövlət Universitetinin məzunudur. 475 balla tələbə statusu qazanan Gülər müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək  44 balla biologiya müəllimi kimi fəaliyyətə başlayıb. Ancaq bunlar onun uğurlarının başlanğıcı sayılır. Gülər müəllim təhsilini Türkiyədə davam etdirmək, daha böyük uğurlar əldə etmək istəyir. Kənd müəllimi olaraq peşəsini, məktəbini sevsə də, təhsilini artırmaq, özünü inkişaf etdirməyi də qarşısına məqsəd qoyub. Məktəbdə 2 ildir işləyir. Şəmkirdən gəlib. Ailədən uzaqlığın çətinliklərini artıq aşıb: “Şagirdlərim əvvəllər fənnə qarşı maraq göstərmirdilər. Müxtəlif metodlarla onların marağını artırdım. İndi nəinki biologiyanı oxuyanların sayı artıb, hətta biologiya müəllimi olmaq istəyənlər belə var. VIII sinifdə 2-3 nəfər biologiya fənni üzrə ixtisaslaşaraq müəllim olacaq. Ancaq tibb ixtisasları üzrə hazırlaşanlar da var. Belə şagirdlərimiz VII sinifdə daha çoxdur”.

 

Şəmkirli müəllimin Qubanı seçməyinə səbəb isə Qubaya vurulması olub: “Tələbə olanda Bakı Dövlət Universitetinin tədris-təcrübə mərkəzində 2 həftə təcrübə keçdim. Rayonun havası, insanları, mühiti çox xoşuma gəldi. Rayonu elə sevdim ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsində ilk yer olaraq Qubanı seçdim”.

 

 

Gənc məktəb direktoru: “Keyfiyyətli təhsil üçün hər cür şəraitimiz var”

 

 

Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev də gəncdir. O, rayonda yeni təyin edilən 3 direktordan biridir. 35 yaşlı direktor deyir ki, məktəbin uğurlarının artmasında son illər müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq fəaliyyətə başlayan müəllimlərin rolu əvəzsizdir: “Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında tikilib. 2 mərtəbəli 240 yerlik məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır. Məktəb Qubada icma əsaslı məktəbəhazırlıq qruplarının təşkil edildiyi 3 məktəbdən biridir. Son 5 ildə məktəbə 13 yeni müəllim işə qəbul olunub. Onların gəlişi məktəbin uğurlarına uğur qatıb. Nəticədə son iki ildə nailiyyətlərimiz artıb. 2 ildir ki, hər il 10 nəfər ali təhsil müəssisələrinə qəbul olunur. İdman sahəsində də uğurlarımız var. VIII sinif şagirdimiz Qafqaz ölkələri arasında karate üzrə çempionatda qızıl medal qazanıb. “Şahin” hərbi oyunlarında fəal iştirak edirlər. Bir sözlə, keyfiyyətli təhsil üçün hər cür şəraitimiz var”.

 

 

Nügədidə məktəb

 

 

Nügədi kənd 3 nömrəli tam orta məktəbdə 334 şagirdə 28 müəllim dərs deyir. 6 yaşlılardan ibarət 35 nəfəri əhatə edən 2 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. 20 uşaqdan ibarət bir qrup isə 3-4 yaşlı uşaqlardan təşkil edilib.

 

Kənddə məktəb 1964-cü ildə yaradılsa da, binası yenidir. 2012-ci ildə yeni məktəb binası tikilib istifadəyə verilib. 2017-ci ildə direktor təyin edilən Müşfiq Bilalov daha yüksək nəticələrə nail olmağı hədəfləyib: “Hər həftəsonu məktəbdə ayrı-ayrı fənlərdən əlavə məşğələlər keçirilir. Azərbaycan tarixi və buraxılış imtahanına düşən fənlər üzrə müəllimlər IX və XI siniflərlə əlavə məşğul olurlar. Ötən tədris ilində 16 nəfər məzunumuz oldu. Onlardan 4 nəfər ali təhsil müəssisələrinə qəbul olundu”.

 

Məktəbdə təhsil müəssisələrinin reytinqinin yeni meyarlar əsasında hesablandığını da unutmurlar: “Rəsm bacarığı olan şagirdlərimiz çoxdur. V sinifdə oxuyan idmançı qızımız var. Dəfələrlə zona yarışlarında I yeri tutub. Belə şagirdlərimizi daha da inkişaf etdirmək üçün əlimizdən gələni edirik”.

 

Məktəbin güləş, kik-boks üzrə nəticələri olan şagirdləri, voleybol və futbol üzrə X-XI siniflərdən təşkil edilən komandaları yarışlarda fəal iştirak edirlər.

 

Qubanın 2-ci Nügədi kəndindəki 3 nömrəli tam orta məktəbdə də əhalinin güvənə biləcəyi gənc müəllimlər çalışır. Elə 2018-2019-cu tədris ilində məktəbə 3 müəllim işə qəbul olunub. Onların ikisi Sumqayıtdandır. Məktəbin müəllimə olan tələbatı artıq ödənilib.

 

 

“İstəyirəm uşaqların təhsilində töhfəm olsun”

 

 

Yasəmən Cəbrayılova 2012-ci ildən dərs deyir. Təhsil Nazirliyinin Quba rayonu üzrə meneceridir. MİQ üzrə müsabiqədən uğurla keçərək məktəbə gələn müəllimlərdən biri, hətta birincisidir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun doktorantıdır. Qubalıdır, burada yaşayır. Elmi istiqamətdə davam etmək, özünü inkişaf etdirmək istəyir: “Növbəti iş yerim universitetlərdən biri ola bilər. AMEA-dan dəvət almışam. Kəndimizin uşaqlarına görə hələlik getmirəm.

 

İstəyirəm uşaqların təhsilində töhfəm olsun. Hazırda ali məktəblərdə oxuyan dərs dediyim gənclər var. Onların işə başlamasını gözləyirəm. Onlar ali məktəbi bitirəndə buradakı uşaqları onlara tapşırıb getməyi düşünürəm. Kəndlərdə uşaqların savadlı kadrlara ehtiyacı daha böyükdür. Bu ehtiyac ödəndikdən sonra öz karyeram barədə düşünəcəyəm”.

 

Riyaziyyat müəllimi Kəmalə Fazilova və kimya müəllimi Arzu Məmmədova 2018-ci ildə imtahan verərək müəllim kimi işə qəbul olunub və vəzifəsini yerinə yetirmək üçün Sumqayıtdan Qubaya, Nügədiyə gəliblər.

 

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Quba rayonunun ümumi təhsil müəssisələrinə 81 müəllim işə qəbul olunub. Onların 70 faizi dağ kəndlərindəki ümumi təhsil müəssisələrində çalışır.

 

 

Ruhiyyə DAŞSALAHLI

 

 



15.02.2019 | 12:00