Abşeron məktəbləri “Xarici dil aylığı”nda

Təhsil Nazirliyinin müvafiq əmri ilə ötən tədris ilində elan olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən tədbirlər  cari dərs ilində də davam etdirilir. Hədəf də elə ötən ildə olduğu kimidir: təhsilin keyfiyyətini yüksəltmək. Lakin  hədəfə doğru fəaliyyətin forma və məzmununda  2018-2019-cu tədris ili üçün müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq yeniliklər, təkmilləşdirmələr edilib.

 

İndi ümumtəhsil məktəblərində tədrisin səmərəli təşkili, bu sahədəki qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi və yayılması, tədris prosesində innovativ yanaşmalardan, müasir təlim üsulları və texnologiyalarından istifadə məsələləri  diqqət mərkəzindədir. Abşeron Rayon Təhsil Şöbəsində də  cari dərs ilinin fəaliyyət planı hazırlanarkən bu cəhət nəzərə alınıb və plana daha çox praktik yönümlü tədbirlər salınıb. Onlardan biri  dərs ili boyu  rayonun  bütün ümumi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan fənn aylıqlarıdır.  Dərs ili başlanandan rayonda fənn aylıqlarına da start verilib.  2018-ci ilin  noyabrında bütün təhsil müəssisələrində  müvəffəqiyyətlə keçirilən  tarix-coğrafiya aylığı da qəbul edilən qərarın məqsədəuyğun olduğunu   sübut edib. Əldə olunan müsbət nəticələr pedaqoji kollektivlərə bu qəbildən növbəti  tədbirləri  daha maraqlı və rəngarəng təşkil etməklə  toplanan təcrübəni zənginləşdirməyə imkan verib.

 

 Plana əsasən 2019-cu ilin  ilk ayı “Xarici dil fənn aylığı” elan olunub  və aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən,  şagirdlərdə xarici  dilləri daha səylə öyrənməyə maraq yaradan, müəllimləri öz potensiallarından tam istıfadə etməyə, yaradıcı çalışmağa sövq edən tədbirlər təşkil olunub. Bu günlərdə isə rayonun əksər ümumtəhsil məktəblərində aylığın yekun tədbirləri keçirilərək görülmüş işlər təhlil olunub, qiymətləndirilib. Rayon üzrə yekun tədbir fevralın 8-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə baş tutub.  Tədbiri Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova açaraq fənn aylığının uğurla başa çatması münasibəti ilə məktəblərin rəhbərlərini və pedaqoji kollektivləri təbrik edib, aylıq çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.

 

Qeyd edək ki,  Abşeron  RTŞ-ın qərarı ilə rayon üzrə fənn aylıqlarından  birinin xarici dilə həsr olunması  təsadüfi deyil. Yekun tədbirində də  xatırladıldığı kimi

 

Son illər ölkəmizdə  xarici dillərin, xüsusən də  beynəlxalq statuslu ingilis dilinin tədrisinə diqqət  artıb.  Xarici  dillərin  tədrisinin  I  sinifdən başlayaraq aparılması, tədris planlarında ona ayrılan saatların artırılması, fənnin tədrisinə yeni  yanaşmaların tətbiqi, mövcud kurikulumda  əvvəlki tədris proqramlarından fərqli daha zəngin məzmunun əhatə olunması, yeni standartlar bunu təsdiq edir. 

 

Abşeron rayonunun müəllimləri  də bütün  bunların fərqindədirlər və fənnin tədrisi keyfiyyətinin yüksəldilməsinə hədəflənmiş bütün elmi-metodik tədbirlərdə fəal iştirak edirlər. Ötən  ilin dekabrında   Təhsil Nazirliyinin  əməkdaşları və xarici qonaqların iştirakı ilə keçirilən seminarlarda rayonun  ingilis dili müəllimləri də yaxından iştirak edib və sertifikatlar alıblar. 12 yanvar 2019-cu il tarixində isə rayonda Təhsil Nazirliyinın  təşkilatçılığı və iştirakı ilə “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müsavirəsi keçirilib. Ümumilikdə müxtəlif fənlər üzrə 33 müəllimin nümunəvi dərsi təhsil ekspertləri tərəfindən dinlənilib. Onların sırasında Xırdalan şəhər 2 və 4 nömrəli tam orta məktəblərin ingilis dili müəllimləri Firavan Məmmədova və Mətanət Tağıyeva da olub. Onlar öz peşəkarlıqlarına güvənərək, interaktiv təlim metodlarından istifadə etməklə maraqlı, kreativ, nümunəvi dərs nümayiş etdiriblər. Məhz bütün bunlar nəzərə alınaraq rayon təhsil şöbəsinin 26 noyabr 2018-ci il tarixli 125 nömrəli əmri ilə 2019-cu ilin yanvar ayında xarici dil fənn aylığı təşkil olunub.

Aylığa geniş hazırlıq işləri görülüb.  Bu məqsədlə məktəb  və fənn metodbirləşmə rəhbərləri tərəfindən tədbirlər planı hazırlanıb,  xarici dil fənlərinin tədrisi vəziyyəti yoxlanılıb. Aylıq çərçivəsində bir-birindən maraqlı, əhəmiyyətli  çoxlu tədbir planlaşdırılaraq həyata keçirilib. Təcrübə mübadiləsi üçün əlverişli vasitə olan,  qabaqcıl təcrübə təqdim olunan   nümunəvi, “açıq dərs”lərin təşkilinə xüsusi diqqət yetirilib. Demək olar ki, bütün məktəblərdə xarici dil müəllimləri belə dərslər deyiblər. Dərslər onların həmkarları, metodistlər, metodbirləşmə rəhbərləri tərəfindən dinlənilib və başa çatandan sonra  onu aparan müəllimlərin iştirakı ilə əsaslı təhlil olunub, müsbət cəhətlər qeyd edilib,  müəllimlərə bəzi tövsiyələr verilib. Eyni zamanda məktəblərdə   sərgilər, bədii gecələr, viktorinalar, debatlar, yarışmalar keçirilib, divar qəzetləri, stendlər, fotoalbomlar hazırlanıb. Belə sərgilərdən biri də yekun tədbirin keçirildiyi  məktəbin foyesində təşkil olunub. Tədbir iştirakçıları  şagirdlərin əl işlərindən ibarət  sərgi ilə tanış olublar. Bu sərgilər müəllimin fənn üzrə müəyyən qabiliyyət və istedadı ilə fərqlənən şagirdlərlə apardığı işə nümunə kimi dəyərləndirilib.

 

Ayrı-ayrı məktəblərdə fərqli tədbirlər də təşkil edilib. Məsələn, elə 2 nömrəli məktəbdə ingilis dilində  “dəyirmi masa”lar keçirilib, fotoalbomlar tərtib edilib, videoçarx və slaydlar hazırlanıb. Şəhər 8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi  ayrı-ayrı dərslərin  mövzusuna uyğun olaraq muzeylərə, şəhərin görməli yerlərinə ekskursiyalar təşkil ediblər. Şəhər 10 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Natavan Məmmədova aylıq çərçivəsində nəzərdə tutulan bütün tədbirlərin təşkili üçün rəngli və estetik cəhətdən gözəl tərtibata malik  səhnə dekorasiyasından, elanlardan istifadə edərək 5-9-cu sinif şagirdləri ilə  “Biz ingilis dilini öyrənirik” adlı geniş tədbir keçirib. Saray qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri “Şəhidlər xiyabanı”nı ziyarət edib, məktəbdə bununla bağlı kiçik kompozisiyalar hazırlayıblar və s.

 

Tədbirdə  Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru  Ədalət Camalova çıxış edərək aylığın yekun tədbirinin onların məktəbində keçirilməsinə görə təhsil şöbəsinin rəhbərliyinə təşəkkür edib.  Bildirib ki, məktəblərində fənn aylığı xarici dil müəllimlərinin böyük fəallığı ilə keçib, nəzərdə tutulan bütün tədbirlər reallaşdırılıb. Aylıq tədbirlərinin xarici dilin tədrisinin keyfiyyətinə müsbət təsir göstərdiyini vurğulayan direktor son illər əldə etdikləri uğurlardan da söz açıb, tədris ocaqlarının “Dinamik təhsil” layihəsinin ötən il  təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin  qalibi  olduğunu  diqqətə  çatdırıb.

 

“Açıq dərs”ləri dinlənilmiş müəllimlər Təranə Zeynalova, Leyla Cəbiyeva, Firavan Məmmədova müzakirələrin obyektiv aparıldığını, öz təcrübələrini həmkarları ilə paylaşa bildiklərindən razı qaldıqlarını deyiblər.

 

RTŞ-n metodisti  Yaydagül  Rəhimova  aylıqdan hazırlanmış yekun  hesabatla tədbir iştirakçılarını tanış edib. Metodkabinetin müdiri, qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova  çıxışını “açıq dərs”lərin dinlənilib müzakirə olunması üzərində quraraq məktəblərdə xeyli dərsin dinlənildiyini, onları deyən müəllimlərin yüksək peşəkarlıq nümayiş etdirdiklərini söyləyib. Tədbirdə iştirak edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı Elçin Sərdarov  aylığın  xarici dil müəllimlərinin, bütövlükdə rayonun pedaqoji kollektivlərinin fəaliyyətində canlanma yaratdığını qeyd edib. Bakı Mühəndislik Universitetinin ingilis dili müəllimi Günel Bayramova çıxışında  aylıq çərçivəsində verilən “açıq dərs”lərin əhəmiyyətini vurğulayıb.

 

 Tədbiri yekunlaşdıran təhsil şöbəsinin müdiri  Nazilə Məmmədova “Xarici dil fənn aylığı”nın bütövlükdə uğurla keçdiyini bildirib və onda əməyi olan hər kəsə təşəkkür edib.  Aylıq çərçivəsində təşkil olunan tədbirlərin təhsilin keyfiyyətinə,  fənn müəllimlərinin peşəkarlığının  artmasına, məktəblilərdə dərslərə davamlı marağın yaranmasına müsbət təsir  etdiyini deyən şöbə müdiri məktəbləri, müəllimləri fənn aylıqlarında fəal iştirak etməyə, daha keyfiyyətlə çalışmağa çağırıb.

 

 

Yusif ƏLİYEV

 

 

 



15.02.2019 | 13:43