“Mükəmməl müəllim öyrənməyi sevir”

Tənqidi yanaşmanın özünüqiymətləndirmədə rolu olduğu hər birimizə məlumdur. İstənilən şəxs, kimliyindən və ya peşəsindən asılı olmayaraq, bu üsuldan faydalana bilər. Bu, biz müəllimlər üçün də çox yararlıdır. Özümüzə bir müəllim deyil, bir tələbə gözü ilə baxmaq maraqlı olardı.

 

20 ildən çoxdur ki, pedaqoq kimi fəaliyyət göstərən texaslı Azul Terronezin bu metoddan istifadəsi maraq doğurur. Belə ki, o, 8 müxtəlif (özəl, dövlət və s.) orta məktəbdə, ümumilikdə 26.000 şagird arasında sorğu keçirib. Sorğuda təqdim olunan sual isə belədir: “Yaxşı müəllimi mükəmməl edən nədir?”. Verilən cavablardan bəzilərini paylaşan Terronez belə nəticəyə gəlir ki, özümüzə tələbənin gözü ilə baxmaq üçün sadəcə onu dinləmək kifayət edər. Cavablardan biri belədir: “Mükəmməl müəllim uşaq kimi düşünür, lakin böyük kimi davranır”. Pedaqoq izah edir ki, müəllimlər tələbəni öyrətməzdən əvvəl onun nəyi və necə öyrənmək istədiyini bilməlidilər. Bizə məcburən öyrədilən biliklərin imtahandan sonra unudulması buna misal ola bilər. Öyrətdiklərimiz tələbələrə və şagirdlərə iş və gündəlik həyatlarında lazım olan biliklər olmalıdır.

 

“Mükəmməl müəllim öyrənməyi sevir”. Çox dərin cavabdır, çünki hamının dilində əzbər olan bir cümlədə kiçik bir hərf dəyişikliyi insanı düşünməyə vadar edir. Öyrətməyi deyil, öyrənməyi sevir mükəmməl müəllim şagirdin düşüncəsinə görə. Çünki müəllim tələbəsinə ən böyük nümunədir. Onu öyrədənin özünün də həvəslə yeni şeylər öyrəndiyini, nələrisə araşdırdığını, özünü təkmilləşdirdiyini görən tələbə, şübhəsiz ki, o müəllimin izi ilə gedəcək.

 

Müəlliminin əldə etdiyi nailiyyətlər tələbə üçün ən gözəl motivasiyadır zənnimcə.

 

“Mükəmməl müəllim mahnı oxuya biləndir” deyə cavab verib şagirdlərdən biri pedaqoqun sualına. Olduqca maraqlı və qəribə səslənən bir düşüncədir. Bir müəllim yoldaşımın çox gözəl səsi var. Bəzən ondan bizim üçün oxumağını belə xahiş edirik. O, dərslərində də bəzən tələbələri üçün oxuyur, hətta tələbələri də ona qoşulub birlikdə oxuyurlar. Bu, onun dərsini daha maraqlı edir və qeyd edim ki, həmin müəllim tələbələri tərəfindən çox sevilir. Müəllimini sevən tələbə, şübhəsiz ki, onun fənnini də həvəslə öyrənir.

 

Bizə məlumdur ki, mahnıların ingilis dilinin mənimsənilməsində rolu böyükdür və dilin tədrisi metodikası ilə məşğul olan metodistlər də bunu təsdiqləyirlər. Musiqili bir mühitdə dil öyrətmək tələbələr tərəfindən də alqışlanan bir metoddur. Düşünürəm ki, bu üsul sadəcə dil öyrənilməsində deyil, digər fənlərin tədrisi zamanı da istifadə oluna bilər. Əgər müəllimin belə bir qabiliyyəti varsa, niyə də öz təcrübəsində istifadə etməsin? İbtidai sinif müəllimimizi bizə sevdirən və bizim hələ də onu gülərüzlə xatırlamağımıza səbəb onun bizimlə yaşımıza uyğun dil ilə danışması, oyunlar oynaması, bizimlə birlikdə mahnılar oxuması deyildimi?

 

Özümüzü müşahidə edərkən bizə elmi biliklər öyrədən müəllimlərimizlə də özümüzü müqayisə və onların hansı xüsusiyyətlərini daşımaq istədiyimizi analiz edə bilərik. Bu müqayisəni bir zamanlar sevmədiyimiz, dərsini öyrənə bilmədiyimiz müəllimlərə də tətbiq edə bilərik. Həmin müəllimləri niyə sevmədiyimizi araşdırarkən ortaya çıxan səbəblər bizə onlarda sevmədiyimiz xüsusiyyətlərin bizdə olub-olmamasını görməyimizdə kömək edər.

 

“Mükəmməl müəllim müəllim olmayandır”. Bu cavabın üzərində dayanmağa dəyər. Bir şagirdi bu cür düşünməyə nə vadar edə bilər? Əslində o, bizim ona yeni mövzunu izah edib getməyimizi istəmir. O istəyir ki, biz izahı onlarla birlikdə edək, təcrübə ilə göstərək. Terronez bu məqamda, beş yaşında ikən anasının ona velosiped sürməyini necə öyrətdiyini xatırlayır: “Anam məni velosipedə oturtdu və itələməyə başladı. Bir müddət mənimlə davam etdi və sonra sərbəst buraxdı. Mən velosiped sürməyi bu şəkildə öyrəndim - sürərək”. Daha sonra Azul, anasının bir sinifdə ona velosipedə minməyi öyrətdiyi təqdirdə nə olacağını təsəvvür etdi: “Oğlum, hər şeydən öncə, bir velosipedin bütün hissələrini öyrənməlisən. Pedallar və krank var, çarxı çevirən bir zəncir var. Burada qüvvə önəmlidir. Qüvvə kifayət qədər təcil qazandığı an balansını qoruya bilərsən. Velosiped bu şəkildə çalışır. Bütün parçaları öyrənməyini, onları qeyd etməyini və sxemini çəkməyini istəyirəm. Ondan sonra, velosiped sürməyin tarixi, onun bütün mühüm elementləri və velosipedin tarixi inkişafı haqqında bir araşdırma məqaləsi yazacaqsan. Və sonda, yekun imtahanına girəcəksən. Əgər imtahandan keçib “A” alsan, velosipedə minə biləcəksən”. Beş yaşlı uşağın buna ancaq bir cavabı ola bilər: “Mən piyada gedəcəm”. Burada diqqət edilməli məqam odur ki, yalnız parta arxasında oturub dinləmək öyrənmənin yeganə vasitəsi olmamalıdır. Biz sadəcə öyrətməli deyil, həm də tələbənin öyrənə bilməsinə kömək etməli, ona təkan verməliyik.

 

Bir müəllim olaraq, düşünürəm ki, hansı fənni tədris etməyimizdən və onu hansı səviyyədə mənimsədiyimizdən,  həmin fənnin dərinliklərində üzməkdən zövq aldığımızdan asılı olmayaraq, bir həqiqəti qəbul etməliyik ki, öyrətdiyimiz tələbə və ya şagird o fəndən hələ bizim gəlib çıxdığımız pillədə deyil və bildiyimiz mövzuları kitablarda, yaxud istifadə etdiyimiz mənbələrdə yazıldığı kimi mürəkkəb şəkildə yox, daha anlaşılan və sadə dildə çatdırmağımız dərs prosesini daha rahat və səmərəli edəcəkdir.

 

Müəllim elm dünyası və tələbə arasında körpü rolunu oynayır. Körpü nə qədər möhkəm olarsa, tələbə də bir o qədər əmin addımlarla elmə yiyələnməyə və onu anlamağa çalışar. Bildiklərimizi əzbərdən deyil də, özümüz başa düşdüyümüz kimi, rahat bir dillə tələbələrə çatdırsaq, onlarda daha çox öyrənməyə həvəs yaradarıq. Elmi anlayışlar onsuz da qəlizdir, bir də biz əzbər bildiyimiz təriflər və qaydalarla onu daha da qəliz etməyək. Nəzəriyyə biz müəllimlər üçündür, istədiyimiz qədər yol qət edib araşdıra bilərik, ancaq tələbə bu imkandan məhrum olmasın gərək. Ona yol göstərək sadəcə, özü araşdırmağı öyrənsin. Nəzəriyyəni, qaydanı əzbərləmək yerinə, təcrübədə özü tətbiq etsin. Bəlkə bizim araşdırarkən nəzərimizdən qaçan məqamları elə öz tələbəmiz tapıb bizə  göstərəcək?  Düşünürəm ki, bir müəllimi bu ancaq sevindirə bilər.

 

Öyrənən və öyrədən arasında “dağlar, dərələr” olmamalıdır. Elmi anlayışları gündəlik həyatdan, hətta şəxsi təcrübələrimizdən yararlanaraq misallar vasitəsilə tələbələrimizə aşılasaq, zənnimcə, daha məqsədəuyğun olar. İstifadə etdiyimiz dil nə qədər anlaşılan və həqiqətə uyğun olsa, bir o qədər diqqət cəlb edər və öyrətdiklərimizin tələbələrimiz üçün daha aydın olmasına imkan yaradarıq.

 

Hər hansı bir mövzunu öyrənərkən, yaxud araşdırarkən qarşımıza çıxan mənbələrdən dili bizim üçün ən sadə və anlaşılan olanını seçib analiz edirik. Dili mürəkkəb olan elmi yazılar və nitqlər onları oxuyarkən, yaxud dinləyərkən bizə xoş gəlsə də, tez yoruluruq və bu səbəbdən onlardan tam faydalana bilmirik. Elm nə qədər qəliz və mürəkkəb olsa da, biz onu öyrənməyin asan yollarını axtarırıq hər zaman. Demək ki, öyrətməyin də asan yolları mövcuddur və onu kəşf etmək biz müəllimlərin öhdəsinə düşür.

 

Hazırkı dövrdə bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr müəllimlərin təkmilləşdirilməsi yönündə bir sıra addımlar atır, təhsilin millətin gələcəyində mühüm rol oynadığını və bunun üçün müəllimlərin məsuliyyətinin olduqca böyük olduğunu vurğulayır. Türkiyə İş Bankı 9 noyabr 2007-ci il tarixində Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuş reklam yayımlamışdır. Reklamda Atatürk və kiçik yaşlı bir uşağın dialoqu canlandırılır. Bir gül bağçasında tikan Atatürkün barmağına batır, uşaq bir tikanın necə Atatürkün əlinə bata biləcəyini soruşur. Atatürk “Batmazmı?” deyir. Uşağın Atatürkə “Sənin əlin qanayır heç?” sualına Atatürk “Qanamazmı..” cavabını verir. Bu cavaba təəccüblənən uşaq “Amma sən Atatürk deyilsən?” deyə soruşur. Atatürk özü olduğunu deyir. Uşaq hələ də təəccüblü bir şəkildə “Amma” deyir, ancaq Atatürk onun sözünü kəsir:

 

“Sən indi mənim kim olduğumu düşünmə. Bu gülü yetişdirəcəksənsə, canın yanacaq, əlin qanayacaq, günəş səni tərlədəcək. “Bu bağçada gül bitməz” deyənlər olacaq. “Gül elə yetişdirilməz, belə yetişdirilər” deyənlər olacaq. Sən özünə bu sualı verəcəksən: “Mən buranı gül bağçası etmək istəyirəmmi? Mən burada dünyanın ən gözəl güllərini yetişdirmək istəyirəmmi?” Əgər çox istəyirsənsə, nə əlinə batan tikan, nə də söylənənlər vecinə olacaq. Kim olursan ol, tək istəyin bu bağçanın ətrini duymaq olacaq. Anladınmı?”. Uşağın “Anladım” cavabından sonra Atatürk “Afərin sənə! O zaman davam edək”, - deyir.

 

Türkiyədə müəllimlərin əksəriyyəti Atatürkün izi ilə getməyi özlərinə borc bilirlər. Onun müəllimlərə necə dəyər verdiyini bu günümüzə qədər gəlib çatan mənbələrdən görürük. “Müəllimlər! Cümhuriyyətin yeni nəslinin hörmətli müəllimlərini və pedaqoqlarını siz yetişdirəcəksiniz. Yeni nəsil sizin əsəriniz olacaq. Əsərin dəyəri sizin sənətkarlıq və fədakarlıq dərəcənizə mütənasib olacaq. Cümhuriyyət  intellektual, elmi və fiziki cəhətdən güclü və etibarlı, yüksək xarakterli qoruyucu istəyir! Bu xüsusiyyətdə yeni nəslin yetişdirilməsi sizin əlinizdədir və müvəffəqiyyətiniz Cümhuriyyətin uğuru olacaqdır” (26.08.1924, Müəllimlər Birliyinin üzvlərinə).

 

Tələbələrimizin istənilən mühitdə bağdakı ən gözəl gül tək seçilməsi bizim əlimizdədir. Onların uğurunda olduğu qədər uğursuzluqlarında da payımız var. Çalışaq ki, müvəffəqiyyətlərinin sayı daha çox olsun. Tələbələrimizə yalnız elmi bilik və bacarıqları aşılamaqla kifayətlənməyək. Onların həm də bir şəxsiyyət kimi, güclü özgüvəni olan savadlı kadr kimi yetişmələri üçün əlimizdən gələni edək.

 

 

Günel BAYRAMOVA,

Bakı Mühəndislik Universitetinin ingilis dili müəllimi

 

 

 

 



15.02.2019 | 15:54