Ana dilimiz milli-mənəvi sərvətimizdir

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

 

Heydər ƏLİYEV

 

 

 

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.

 

Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili.

 

Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.

 

Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.

 

Bu gün də əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri riqqətə gətirir.

 

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

 

Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə bu günün şagirdlərinə tədris edib, gələcək nəsillərin təməlini möhkəm qoymaq biz müəllimlərdən asılıdır. Şagirdlərin ünsiyyət imkanlarını genişləndirmək, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırmaq bizim öhdəmizə düşən ən vacib məsələdir. Bu gün dilin incəlikləri, zənginliyi, məna gözəlliyi müasir tədris proqramları vasitəsilə şagirdlərə ötürülür.

 

Bir Azərbaycan vətəndaşı və ana dilini tədris edən müəllim kimi bu vəzifəni şərəf və qürurla yerinə yetirməyə çalışıram.

 

Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla, qətrə-qətrə hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb. Hələ XII əsrdə təkcə Şərqə deyil, dünya ədəbiyyatına öz əvəzsiz əsərləri ilə imza atan dahi Nizami Gəncəvinin əsərlərində ana dilimizin qüdrətini, gözəlliyini duyuruq.

 

Qılıncının hər iki tərəfi kəsən, ana dilini göylərə qaldıran şair-hökmdar Şah İsmayılın Azərbaycan dilini dövlət və poeziya dilinə çevirməsi, ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində xidmətləri əvəzsizdir.

 

30-cu illərdə repressiya zamanı yüzlərlə milli düşüncəli şairimiz, o cümlədən S.Hüseyn, H.Cavid, Ə.Cavad, M.Müşfiq repressiyanın qurbanına çevrildilər. Bu repressiya milli şüurumuza, düşüncə tərzimizə, millətimizə, dilimizə böyük zərbə oldu. Lakin 70 il Sovet rejiminin ağır və əzici təsiri altında olsa belə dilimiz, dilimizin saflığı uğrunda mübarizə aparan vətənpərvər sənətkarlarımızın gərgin mübarizəsi nəticəsində özünün milliliyini qoruyub saxlaya bildi. Hələ 60-cı illərdə dövlət idarələrində ana dilində danışmağın qadağan olunduğu illərdə bir sıra milli düşüncəli sənətkarlarımız öz yaradıcılıqlarında ana dili mövzusunu ana xəttə çevirdilər. M.İbrahimov, Ş.Qurbanov, X.R.Ulutürk, T.Bayram, B.Vahabzadə kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdi.

 

B.Vahabzadə dilimizin sıxışdırıldığı bir dövrdə bir-birinin ardınca Ana dilimizin qorunması, inkişaf etməsi haqqında şeirlər, məqalələr yazdı. Şairin “Ana dili” şeiri yaradıcılığının ən monumental əsərlərindən biridir:

 

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

 

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

 

Bu dil əcdadımızın bizə miras verdiyi

 

Qiymətli xəzinədir...onu gözlərimiz tək

 

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

 

 

“Anamın kitabı” əsərində dilimizə sadiq olmayan insanların prototiplərini yaradaraq insanlara, bütünlükdə cəmiyyətə ana dilimizin nə qədər vacib dövlət atributu kimi dəyərini, bizim milliliyimizi, mənəviyyatımızı tərənnüm etdiyini göstərən böyük dramaturq Cəlil Məmmədquluzadə xalqın nicat yolunun Vətən ideyası ətrafında birləşmək olduğunu bildirirdi.

 

Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün nə qədər qiymətlidir. Bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşayır. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.

 

 

Şahinə MEHDİYEVA,

Bakı şəhər İlqar Əbilhəsənov adına 42 nömrəli  tam orta məktəbin müəllimi

 

 

 

 

 



16.02.2019 | 12:16