ADPU-da Təcrübə Komissiyasının iclası keçirilib

Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təcrübə Komissiyasının geniş tərkibdə iclası keçirilib. İclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, direktor müavini, dosent Ənvər İmanov, təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyasının üzvləri, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar iştirak ediblər. İclasda pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələrin verilməsi məsələsi müzakirə edilib.

 

İclası açan  Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev bildirib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir.  Çıxışında ADPU-da 2018-2019-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma formaları üzrə keçiriləcək pedaqoji təcrübə ilə bağlı görülmüş işlərdən danışan  dosent S.Əliyev qeyd edib ki, cari tədris ilinin ilk semestrində fakültə və kafedra müdirləri, filial direktorları ilə təcrübə keçəcək tələbələrin və məktəblərin siyahısı dəqiqləşdirilib. Fevralın 18-də təcrübə başlayır. Bu il ADPU-nun 3822 tələbəsi pedaqoji təcrübə keçəcək. Onlardan 2463 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrdir. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçəcək. ADPU-nun  filiallarının 799 nəfər tələbəsi, Davamlı təhsil və təlim şöbəsinin 163 nəfər tələbəsi pedaqoji təcrübədə olacaq. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri pedaqoji təcrübənin ikinci mərhələsinə başlayırlar.

 

Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi özəl müəssələrlə razılıq əldə edilib, üçtərəfli müqavilələr hazırlanıb. Tələbələr Təhsil Nazirliyinin 7 tam orta məktəbində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 79 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 uşaq bağçasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 müəssisəsində  və 2 özəl müəssisədə  təcrübə keçəcəklər.

 

Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" adlı metodik vəsait haqqında məlumat verib

 

Təcrübə rəhbəri Qəmər Qəribova, “Ümumi psixologiya” kafedrasının müdiri, professor  Ramiz Əliyev,  “İbtidai təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, dosent Yaqut Rzayeva , “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının dosenti Fəxrəddin Yusifov çıxış edərək  pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını bildirib və tələbələrə uğurlar arzulayıblar.

 

 



17.02.2019 | 14:43