"Unutsaq unudularıq"

Bakıdakı 247 nömrəli tam orta məktəbdə "Unutsaq unudularıq" devizi altında Xalq artisti Rasim Balayevlə "Bir ömrün əfsanəsi"adlı görüş keçirilib.

 

Tədbirdə Xalq artisti, kinorejissor Vaqif Əsədov, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xalid Kərimov, Nəsimi Rayon Həmkərlar İttifaqı Komitəsinin  sədri Fazil Sadıqov, sənətçinin yaxın dostu, mədəniyyət işçisi Elmi Mirzəliyev, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

 

Direktor Nihal Hacıyeva tədbiri açaraq kino tarixinin canlı əfsanəsi, görkəmli aktyor Rasim Balayevi məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki,  görkəmli sənətkarımız, istedadlı aktyor, Azərbaycanın Xalq artisti Rasim Balayev Azərbaycan filmlərində oynadığı bir-birindən fərqli və maraqlı rollarına görə xalqımız arasında çoxdan məşhurlaşıb, milyonların sevimlisinə çevrilib.

 

Sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülü Əzizova dahi şair Nəsimi haqqında ətraflı məlumat verərək "Nəsimi" filmindən danışıb.

 

Tədbir boyunca tanınmış aktyorun ifasında şeirlər səslənib. Eyni zamanda şagirdlər tərəfindən filmlərindən parçalar nümayiş olunub, mahnılar, tamaşalar və şeirlər ifa edilib.

 

Xalq artisti, kinorejissor Vaqif Əsədov və mədəniyyət xadimi Elmi Mirzəliyev aktyorun tələbəlik illərindən maraqlı hadisələr danışıblar.

 

Görüşün təşkilatçılarına təşəkkür edən tanınmış aktyor Rasim Balayev ona göstərilən münasibətdən razılıq ifadə edib. Rasim Balayev aktyorluq sənətindən və həyat təcrübəsindən, çəkliş zamanı və səhnəarxası maraqlı, yaddaqalan hadisələrdən, gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından danışıb. Şagirdlərin bacarığını yüksək qiymətləndirən Rasim Balayev onlara uğurlar arzulayıb və çoxsaylı suallarını cavablandırıb.

 

Tanınmış aktyor sonda Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini məktəbin şagirdi ilə birgə səsləndirib.

 

 

Rəşad ZİYADOV

 

 



18.02.2019 | 19:10