Ana dilim, səndədir xalqın əqli, hikməti...

Bu gün bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla yanaşı , dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. Dil hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.

 

 Dilin Dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və bu gün dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərilmişdir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.

 

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

 



21.02.2019 | 12:00