Rusiyada yeni məktəblər yaradılır

Rusiya regionlarında yeni məktəblərin yaradılmasına başlanılıb.  Layihənin təşəbbüskarları Rusiyanın Maarif Nazirliyi və Elmlər Akademiyasıdır.  “Uçitelskaya qazeta”nın məlumatına əsasən,  layihə barədə  maarif  naziri Olqa Vasilyeva və Rusiya  Elmlər Akademiyasının (REA) prezidenti Aleksandr Sergeyev  “İnvestisiya Forumu -  2019”  çərçivəsində keçirilən forumda məlumat veriblər.  Ən yaxşı ümumtəhsil müəssisələrinin bazasında yaradılacaq məktəblər elmi institutların himayəsi altında işləyəcək.  Nazir Olqa Vasilyeva bəhs olunan  məktəblərin ölkənin ən yaxşı top 500 və  top-200 kənd məktəbləri arasından seçildiyini deyib. 

 

“Biz həqiqətən ciddi narahatlıq keçiririk, ən yaxın illərdə gənc, motivasiyalı, yaradıcı, güclü uşaqların elmə axınını təmin etməyə  məcburuq. Ölkə qarşısında qoyulmuş hədəfə  yalnız  iqtisadiyyatımızı elmi innovasiya relsinə çıxarmaqla çata bilərik. Buna görə biz dayaq məktəblərinin yaradılması vasitəsilə görüləcək  tədbirləri müəyyən etməyə çalışdıq ki,   genetik olaraq elmə meyilli olan istedadlı uşaqlar  başqa sahələrə getməsinlər”, - deyə Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev bildirib. Bütövlükdə pilot layihədə 32 regiondan 110 məktəb  iştirak edəcək.  Maarif Nazirliyi qeyd edir ki, “eksperimental proqramın iştirakçı heyəti elmi institutların, iri federal və milli tədqiqat universitetlərinin  yaxınlığı nəzərə alınmaqla REA -nın nümayəndələri tərəfindən formalaşdırılıb”.

 

Maarif naziri Olqa Vasilyeva layihənin reallaşdırılmasında rəhbərlik etdiyi nazirliyin üzərinə düşən vəzifələrdən danışıb. “Biz layihədə  öz köməyimizi,  birincisi, normativ-hüquqi aktların yaradılmasında görürük.  Bələdiyyə məktəblərinin regionların tabeçiliyinə ötürülməsi  sadə məsələ deyil, amma həll edilə bilər. Amma  hansı məktəbləri seçmək - Akademiyanın  məsələsidir.  Akademiyanın bunu etmək üçün lazım olan bütün imkanları var.  Və ən vacibi,  akademiyanın üzvləri və kafedraların əməkdaşları  bizim uşaqlarla işləyə, uşaqlar da  öz növbəsində  REA-nın elmi alətlər dəstindən istifadə edə biləcəklər. Amma qeyd etməliyəm ki, bu, bahalı layihədir. Pulun yarısı federal büdcədən, yarısı biznesin hesabına ödənilir”,  - deyə Olqa Vasilyeva bildirib.

 

Dayaq məktəblərin inkişafının əsas istiqaməti  ölkənin aparıcı alimlərinin təhsil prosesində iştirakı yolu ilə təhsilin  keyfiyyətinin artırılması, elmi-praktik konfransların təşkili,  gənc alimlərin elm və təhsil müəssisələrinə axınını təmin etməkdir.

 

 

Oruc MUSTAFAYEV

 

 



23.02.2019 | 11:01