Şərəflə yaşanan ömür

Ta qədim zamanlardan müəllim əməyinin qüdsiyyəti, əzmkarlığı barədə xeyli dəyərli fikirlər söylənilmişdir. Müəllim adının şərəf və ləyaqətini hər şeydən uca tutan pedaqoji fikir mücahidlərimiz, tanınmış mütəfəkkirlərimiz də bu sahədə maarifləndirmə istiqamətində sanballı tövsiyələr vermiş, zəngin əməli nümunələr göstərmişlər.

 

Vaxtilə, böyük ideoloq, görkəmli maarifpərvər, türk-müsəlman dünyasının milli tərəqqi carçısı olan İsmayıl bəy Qaspralı (Qasprinski) müəllimə xitabən yazırdı: “ Ey müəllim! Üç qəpiklik peronun (qələminin) ucunu mürəkkəbə batırıb yazma. Sən onu ürəyinin qanına batırıb yaz”.

 

Bu barədə məlumatı ona görə xatırlatdım ki, müəllimin ismi, sənəti, nüfuzu xalq arasında həmişə uca tutulmuş, daima milli və ümumbəşəri dəyərlərin daşıyıcısına çevrilmişdir.

 

Müasir dövrün cahanşümul ideyalarının yaradıcısı, ümummilli lider Heydər Əliyev “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram” fikri ilə bu adın müqəddəslik statusunu bir daha qeyd etmişdir.

 

Bu gün də öz şəxsi əmək fəaliyyətini bu adın çırağında əks etdirən qədir-qiymətli müəllimlərimiz çoxdur. Bunlardan biri də Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Xanoğlan oğlu Əliyevdir. Onun pedaqoji əmək fəaliyyəti qaynar və işgüzar bir mühitdə - ziyalı ailəsində pərvəriş tapmışdır. Bu müqəddəs adın işığında  uğurlu addımlar atmağın min bir sirli dünyasına sahib olmağın ilkin nümunələrini o, öz doğma ocağından - atası Xanoğlan Əliyevin müəllimlik keyfiyyətlərindən əxz etmişdir.

 

Afiq müəllimi bir qərinədən artıq olar ki, tanıyıram, onun haqqında fikir və düşüncələrim çoxdur.

 

Bu zəhmətkeş, dostcanlı, sədaqətli insanın 60 illik ömür yolunun bundan sonrakı məqamlarını da xəyalən göz önünə gətirib, onun həyat xronikasına bələd bir adam kimi, həmkarımın şərəfli və bir az da keşməkeşli ömür-gün taleyi ilə oxucuları da tanış etmək istəyi ilə bu yazını hazırladım.

 

Onun doğulduğu ailə mühiti əsl ziyalı təşnəsi, maarifpərvərlik mücəssəməsi kimi bu gün də insanlara yaxşı tanışdır.

 

Afiq Əliyev 84 illik mənalı ömrünün 65 ilindən çoxunu xalqın maariflənməsinə, təhsilinə həsr etmiş Füzuli rayonunun Kürdmahmudlu kəndində əlli il məktəb direktoru işləmiş, insanların dərin hörmət və məhəbbətini qazanmış el ağsaqqalı, “Şərəf nişanı” ordenli Xanoğlan Murtuza oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır.

 

Mən onun yaradıcı fütühatına, şəxsi əqidəsinə, elmi dünyagörüşünə, bədii-estetik təfəkkürünə çox yaxından bələdəm. Xaraktercə sərt və tələbkar, fiziki cəhətdən cılız, lakin sağlam, əqidə baxımından yurdsevər, təəssübkeş mövqeyə malik Afiq müəllimi həmkarlarına sevdirən xüsusiyyətlər onun bütöv bir şəxsiyyət olmasından xəbər verir.

 

Bu gün 60 illik bir ömrün zirvəsinə çox çətinliklə, lakin şərəfli bir yolla gəlib çatan Afiq müəllimin peşə-sənət yolunda qazandığı uğurların hər bir xoş xatirə doğuran  anları adamda xoş və gümrah hisslər oyadır.

 

Ötən əsrin məlum son hadisələri, Qarabağ torpağının böyük savaş, ölüm-dirim girdabına çevrilməsi bu regionda yaşayan həmvətənlərimizin taleyinə ağır məşəqqətlər, acı məqamlar yaşatdığı kimi, onun da bəxt və həyat sınaqlarına sonsuz sarsıdıcı zərbələr vurdu. Ağıl və zəka gücündən birə on qat istifadə edib, kənd ziyalıları, bölgə gəncləri ilə vətəndaş-ziyalı, sadiqkeş övlad, yenilməz azərbaycançılıq od-atəşi ilə məğrur bir yol tutdu.

 

Çalışdığı məktəbin, böyüdüyü kənd mühitinin yağı düşmən pəncəsinə keçməməsi uğrunda hər vəchlə ciddi addımlar atdı. Sərt və məğrur mövqeyi ilə düşmən ideologiyasının mənəvi təxribat yolunun qapanmasında öz fədakar şücaətini göstərdi.

 

Afiq Əliyev 28 dekabr 1958-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Kürdmahmudlu kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1974-cü ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır.

 

1976-cı ildə Azərbaycan Dövlət  Bədən  Tərbiyəsi  İnstitutunun (indiki Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi və İdman Akademiyasının)  Pedaqoji  fakültəsinə daxil olaraq tələbə statusu ilə təhsil aldığı ali məktəbin şərəf və nüfuzunu yüksəltmiş, tələbə elmi-tədqiqat işləri Respublika Şurası tərəfindən “Ən yaxşı tələbə elmi işi” üçün Respublika müsabiqəsində müvəffəqiyyətinə görə I dərəcəli diplomla təltif edilmiş, keçirilən tədbirlərdə fəal-ictimaiyyətçi nümunəsi göstərmişdir.

 

1980-ci ildə  həmin  ali məktəbi  fərqlənmə diplomu ilə bitirən Afiq Əliyev sevimli müəllimlərinin, yaxın qohum-əqrabanın təkidinə baxmayaraq şəhərdə qalıb işləmək imkanı olsa da, yenə öz doğma torpağından perik düşmədi, elə həmin il Füzuli rayonunun Aşağı Alıxanlı kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olundu. Qaynar pedaqoji mühit onu öz qoynuna aldı. 1985-1986-cı tədris ilində öz doğma kəndində - Kürdmahmudluda vaxtilə oxuduğu məktəbdə sinifdənxaric və məktəbdənkənar təşkilatçı vəzifəsinə irəli çəkildi. Pedaqoji fəaliyyətinin uğurlu irəliləyişlə nəticələnməsini görən məktəb kollektivi yüksək etimad göstərib bu dəfə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi məsul bir işi də ona həvalə etdi. O, bu vəzifədə düz yeddi il peşəkarcasına, qabaqcıl təhsil işçisi kimi çalışaraq böyük nüfuz sahibinə çevrildi.

 

Məlum Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşan Afiq müəllim 1999-cu ilədək M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda, həm də Lənkəran Dövlət Universitetində pedaqogika  müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda, 1991-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil İnstitutunun) dissertantı olmuş, 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi dərəcəsinə layiq görülmüşdür. Həyatının sonrakı məqamlarını isə ölkəmizin cənub incisi olan Lənkəran diyarı ilə bağlamışdır.

 

1999-cu ildə Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında əvvəlcə müəllim, sonra isə baş müəllim, kafedra müdirinin müavini vəzifəsində işləmişdir. 2002-ci ildə  həmin kafedranın dosenti  seçilmiş, Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 21 noyabr 2006-cı il tarixli qərarı  ilə  dosent  elmi adı almışdır.

 

2006-cı ilin oktyabr ayından “Pedaqogika və psixologiya” kafedrasının müdiri vəzifəsini icra etmiş, 2016-cı il sentyabr ayından “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildə isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir.

 

Ayrı-ayrı illərdə Lənkəran Dövlət Universiteti Elmi Şurasının üzvü, Elmi-metodik  şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda həmin universitetin Elmi Şurasının və Elmi-metodik Şurasının üzvüdür.

 

Kafedrada “Şəxsiyyətin inkişafı və formalaşması” problemi üzrə elmi-tədqiqat işi aparır. Beş metodik vəsait, bir dərs vəsaiti, on fənn proqramı, 50-yə qədər elmi məqalə və tezisin müəllifi, bir kitabın tərtibçisidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış edir.

 

2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştiraka görə sertifikatlarla təltif olunub.

 

Bir neçə ay bundan öncə şahidi olduğum bir epizodu oxucularla bölüşmək istəyirəm. Lənkəran Dövlət Universitetinin 2-ci tədris korpusunda keçirilən “Müəllim günü” mərasiminə mən də dəvətli idim. Rektor vəzifəsini icra edən professor Natiq İbrahimovun təqdimatında fəxri fərmanlarla təltif olunanlar cərgəsində Afiq müəllimə xitabən dedi. “Afiq müəllim, siz nə əcəb indiyədək buna layiq görülməmisiniz?” - Doğrusu, hamı heyrətdə qaldı. Elə həmişəki kimi, Afiq müəllim öz doğma ocağında səmimi əhval yaradaraq əməkdaşlarına həssas münasibət göstərən Natiq müəllimə gülümsər bir baxışla dedi: “Natiq müəllim, mən fəxr edirəm ki, bu mükafatı şəxsən sizin əlinizdən alıram. Bu, mənim üçün böyük fəxrdir”. Əlbəttə, bu müddət ərzində Afiq müəllimin özünə həmişə sirdaş, vəfalı, ümidverən dostları da çoxalmışdır.

 

Yaxşı xatırlayıram: Lənkəran Dövlət Universitetinin “ilk qaranquşları”ndan olan pedaqoji elmlər doktoru, professor, mərhum Əjdər Ağayevin (o, yubilyarın elmi rəhbəri, məsləhətçisi olmuş, həm də ona mənəvi atalıq etmişdir), aramızdan çox erkən getmiş, pedaqoji elmlər namizədi, dosent Rəsul Abdulovun və bu sətirlərin müəllifinin birgə əməkdaşlıq yolunda fəaliyyətini, işgüzarlıq keyfiyyətlərini özünə ərməğan bilən Afiq müəllim daim özü də onlara qəmxar olmuş, böyüyün böyük, kiçiyin kiçik yerini bilmişdir.

 

Bu gün də qaynar əmək, pedaqoji fəaliyyət sahəsində uğurla çalışan Afiq müəllim öz istedad və qabiliyyətini gənclərə aşılamaqdan yorulmur. Onun özünəxas auditoriya intizamı, tələb inadkarlığı var. Tələbələrə nə qədər humanist münasibət, isti, həlim doğmalıq göstərsə də, bir o qədər də sərt və ağıllı tələb əsasında iş qurur.

 

Zəngin pedaqoji fəaliyyət missiyasını həm də yüksək səviyyəli elmi araşdırmalarla hasilə gətirən Afiq müəllim elmi və tədris metodik işlərin kamil bilicisi kimi də özünü təsdiqləmişdir. Xüsusən onun “Pedaqogika və psixologiya fənlərinin tədrisində yeni problemlər və onların həlli yolları” və “Heydər Əliyev irsində milli vətənpərvərlik konsepsiyası” istiqamətində apardığı aktual problemlərin qoyuluş tərzi, pedaqoji ictimaiyyət arasında böyük marağa səbəb olmuşdur.

 

Afiq müəllimin təhsil təşkilatçısı kimi də fəaliyyəti uğurludur. O, çalışdığı kafedranın hər bir əməkdaşının elmi-yaradıcı fəaliyyətinə həssas münasibət göstərir, maksimum səviyyədə yüksək dəyər və dəstək verir.

 

Afiq müəllimin ən böyük, ülvi arzusu, Qarabağın azadlığı, Vətənin yağı düşmən istilasında olan torpaqlarının tezliklə qaytarılmasıdır.Öz yaş zirvəsinin 60 illik təşnəsindən sonrakı təntənəli məqamlarını doğma Qarabağda, onun füsunkar qoynunda keçirməkdir. 

 

Bu gün 60 illik bir ömrün qanadlarında geniş ənginliklərə yol açan sevimli ziyalı, mətin insan, ləyaqəli vətəndaş və fədakar təhsil işçisi kimi tanıdığımız Afiq Xanoğlan oğlu Əliyev inanırıq ki, bundan sonra da fəaliyyəti ilə doğma xalqına və millətinə yararlı övlad olaraq onun maariflənməsində böyük rol oynayacaqdır.

 

 

Vidadi BƏŞİROV,

ADU-nun pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 

 



22.02.2019 | 14:06