AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

 Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalıq Yahudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbiçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 Xocalı sakininin vəhşicəsinə qətlə yetirdiklərini deyib. Rektor əvəzi, böyük və qəddar silahlı birləşməyə qarşı çıxaraq Xocalını və şəhərin strateji əhəmiyyətə malik olan aeroportunu müdafiə edən və bu qeyri-bərabər döyüşdə igidliklə həlak  olan şəhidlərdən  Milli  Qəhrəman  Hikmət  Nəzərli  və  Elçin  Quliyevin  Azərbaycan  Texniki  Universitetinin  məzunları olduğunu diqqətə çatdırıb.

 

Professor Xalıq Yahudov dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını qeyd edərək, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə zamanında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin qətil-amın soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib.

 

AzTU-nun “İctimai fənlər” kafedrasının professoru Qabil Hüseynli faciənin tarixi və siyasi aspektlərinə diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb.

 

Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar Əliməmmədov  və Xocalı sakini Mürvət Məmmədov  XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən zorakılıqlardan, cinayətlərdən danışıblar.

 

 



25.02.2019 | 12:54