SDU-nun tələbələri Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və biologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) təcrübəyə başlayıblar. Təcrübə prosesinin  fevral ayının 16-dan mayın 25-nə kimi davam etməsi planlaşdırılıb. Tələbələr təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılaraq təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün görülən işlər haqqında məlumat alıblar. Sonra SDU-nun institutun nəzdində 2016-cı ildən fəaliyyət göstərən “Yüksəkmolekullu birləşmələr kimyası və ekologiya” Elm və Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

AMEA PMİ-nin direktoru AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Məmmədovun təlimatı əsasında laboratoriyalarda tələbələrə mühazirələr keçirilir, istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı  haqqında məlumatlar verilir,  aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilir.

 

Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və təcrübi olaraq dərinləşdirmək üçün hər cür şərait yaradılıb. Təcrübə prosesi tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması məqsədi daşıyır.

 

 



25.02.2019 | 16:48