ADU-nun tələbələri Cocuq Mərcanlı kəndinin məktəblilərində ingilis dilinə maraq yaradıblar

Fevralın 25-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Dillər Universitetinin (ADU) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində pedaqoji təcrübədə olan tələbələri və əməkdaşları ilə görüşüb.

 

Görüşdə pedaqoji təcrübə rəhbəri Anar Rəhimov tələbələrin bölgələrdə, xüsusən qaçqın məktəblərində pedaqoji təcrübə keçməsi ideyasının universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə reallaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, artıq ikinci ildir tələbələr bir ay müddətində həmin bölgədə qalır, müəllim kimi ilk addımlarını atır, eyni zamanda, sosial və təhsilyönümlü layihələr həyata keçirirlər. Anar Rəhimov ADU-nun tələbələrinin müvəffəqiyyətli dərsləri və qısa zamanda məktəbdə yaranan canlanmadan da danışıb. Bildirib ki, tələbələr məktəbdə ingilis dilinə marağı əhəmiyyətli dərəcədə artırıblar.

 

Məhəbbət Vəliyeva akademik Kamal Abdullanın bu addımının alqışa layiq olduğunu deyib və əlavə edib ki, layihə təhsil sahəsində önəmli yenilikdir.

 

Təcrübəçi tələbələrin yerləşmə, məişət şəraiti ilə maraqlanan nazir müavini nazirlik tərəfindən bu layihəyə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib. O, təcrübəçi tələbələrə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 

 



26.02.2019 | 09:33