Xocalı faciəsinə həsr olunan rəsm sərgisi

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.

 

Sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbirdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev sərginin Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini bildirib. İdarə müdiri gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olmasına və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildirib.

 

R.Tağıyev şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.

 

Tədbirdə çıxış edənlər 27 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşilikləri iştirakçıların nəzərinə çatdırıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.

 

 

 



26.02.2019 | 09:49