Əlyazmalar İnstitutunda Xocalı faciəsi anılıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru  Aybəniz Əliyeva-Kəngərli xalqımızın başına gətirilən faciələr barədə məlumat verib. O bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin  dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması üçün uğurlu siyasət yürüdülür, əməli addımlar atılır. Aybəniz Əliyeva-Kəngərli bu sahədə cənab Prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətlərini xüsusi olaraq qeyd edib.

 

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru   Paşa Kərimov tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib. O, müasir dünyada hələ də açıq, aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırımına biganə yanaşan anti-humanist qüvvələrin az olmadığını bildirib. O, qeyd edib ki, bütün bu ədalətsizliklərə baxmayaraq dövlətimiz Qarabağ müharibəsi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür.

 

 Filologiya üzrə fəlsəfə doktoru,  tanınmış jurnalist, Xocalı faciəsinin canlı şahidi Yusif Bağırlı öz xatirə və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

 

Sonda çıxış edən İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfzadə tarixi keçmişimizə ətraflı şəkildə nəzər salıb və Xocalı söyqırımı zamanı mənfur düşmənə qarşı şücaətlə mübarizə aparan döyüşçülərimizdən, eləcə də bu  hadisələri işıqlandıran dəyərli həmvətənlərimizdən danışıb.

 

 



26.02.2019 | 12:04