Professor Həsən Mirzəyev anılıb

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Müasir Azərbaycan dili” kafedrasının yaradıcısı və ilk  müdiri olmuş filologiya elmləri doktoru, professor, dilçi-türkoloq Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə professor Həsən Mirzəyevin Fəxri xiyabanda məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsinə ehtiramlarını ifadə ediblər. 

 

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda o,  bədii yaradıcılıqla da məşğul olub. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının  üzvü, Avropa Akademiyasının həqiqi üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

 

H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi.  H.Mirzəyev 2002-ci ildə "Şöhrət" ordeninə2007-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.  

 

H.Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.

 

Tədbirdə çıxış edən “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Buludxan Xəlilov, həmin kafedranın professoru Mirvari İsmayılova, dosent Könül Səmədova, dosent Yeganə Qəhrəmanova, Türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri, professor Elman Quliyev H.Mirzəyevin keçdiyi həyat yolundan, elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən danışıblar.

 

 

 

 



26.02.2019 | 13:46