Böyük kədər hissi ilə

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tələbə-müəllim kollektivi  Xocalı soyqırımının 27-ci ildönümünü böyük kədər hissi ilə qeyd edib.

 

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kütləvi qırğının baş vermə səbəblərindən, Xocalının o dövrdə tamamilə başsız qalmasından, bu faciəyə, eləcə də Dağlıq Qarabağ məsələsinə dünya birliyinin ikili münasibətindən danışıb. Rektor deyib: “İndi güclü ordumuz var. Təbii ki, son sözü də Azərbaycan əsgəri deyəcək. Aprel döyüşləri bir daha sübut etdi ki, tökülən qanlar yerdə qalmayacaq, ölkənin ərazi bütövlüyü tam təmin ediləcək”,

 

Fakültə dekanı Məhərrəm İsmayılov və digər çıxış edənlər bildiriblər ki, erməni faşizminin və terrorunun kökünü kəsmək üçün xalqımız  dövlətimizin başçısının ətrafında yumruq kimi birləşərək  işğalçılara qarşı mübarizə aparılmalıdır.

 

Tələbələrin Xocalı soyqırımına aid təqdim etdiyi teatrlaşdırılan səhnələr tədbir iştirakçılarında  bir daha gəncliyin tarixi faciələrə həssaslığı,  yeri gələrsə silaha sarılıb döyüşlərə atılması əminliyini yaradıb.

 

 



26.02.2019 | 14:17