“Şəhidlik zirvəsi”

Bakının Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə təhsil ocağının adını daşıyan, Qarabağ müharibəsində xüsusi qəhrəmanlıqlar göstərən şəhid Tofiq Məmmədovun 60 illik yubileyinə həsr olunmuş “Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı şəhid Tofiq Məmmədovun ailə üzvləri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, hərbiçilər, şəhidin döyüş yoldaşları və digər şəxslər iştirak edib.

 

Tədbirdə Dövlət himni səsləndikdən sonra Azərbaycan torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova tədbiri  açaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri təxribatlardan, vəhşiliklərdən söz açıb. Bildirib ki, ermənilərin iyrənc əməllərinin qarşısını almaq üçün igid oğullarımız canlarından keçib. Belə oğullardan birinin də Tofiq Məmmədov olduğunu deyən direktor onu da qeyd edib ki, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən, ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı xalqımız heç vaxt unutmayıb və unutmayacaq!

 

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə gösdərdiyi diqqət və qayğıdan danışıb. İcra başçısı belə tədbirlərin orta ümumitəhsil məktəblərində keçirilməsini təqdirəlayiq hal hesab edib.

 

Digər çıxış edənlər- Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev,  BŞTİ-nin əməkdaşı Şirindil Əhmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Kamil Şirinov tədbirin əhəmiyyətində danışıb.

 

Şəhid Tofiq Məmmədovun oğlu Tərlan Məmmədov tədbirdə çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiyini bildirib. O, atası ilə fəxr etdiyini və belə bir vətənpərvər, cəsur insanın övladı olmaqdan qürur hissi keçirdiyini də sözlərinə əlavə edib.

 

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında “Şəhidlərin qürur yerindir,  Azərbaycan!” , “Xocalı faciəsi” , “Şəhid Tofiq Məmmədovun həyat və döyüş yolu” , “ Ana və poçtalyon”, “Ağlama, şəhid anası!” mövzularında ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.  Təhsil ocağının  “Xor”   dərnəyinin üzvlərinin ifasında “And içirik” mahnısı səsləndirilib.

 

Sonda şəhid Tofiq Məmmədovun nəvəsi balaca Tofiq Məmmədova Respublika Veteranlar Təşkilatının “Xatirə medalı”  təqdim edilib.

 

Niyazi RƏHİMOV          



26.02.2019 | 19:30