“Xocalı soyqırımı - Unutmadıq!Unutmarıq”

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri  olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər  Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərindən bəhs edən  kitab, məcmuə, broşura, qəzet, fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

 

Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti şəhərin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış   kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq  abidənin  önünə təzə-tər qərənfillər düzüblər.

 

Anım mərasimi  “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı  tədbirlə davam etdirilib.Tədbirdə professor Natiq İbrahimov 27 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb,  qətliam törədənlərin  hələ də layiqli cəzalarını almadığını, intiqam gününün  isə uzaqda olmadığını deyib.Universitet  rəsmisi  erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən nəticə çıxarmağa çağırıb.

 

Universitetin “Tarix və onun tədrisi” kafedrasının baş müəllimi Həşim Kəlbiyev, “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının baş müəllimi Qədim Rufullayev məruzələrində 27 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

 

Anım tədbirləri  Xocalı qətliamına həsr olunmuş  videofilmin nümayişi ilə yekunlaşıb.

 

 

 



26.02.2019 | 19:01