“Xocalı yol gözləyir”

Fevralın 26-da Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir keçirilib.

 

Tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açıb. Bildirib ki, erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri də Xocalı soyqırımıdır.

 

Rektor bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı  Prezident  İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb. Bildirib ki, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

 

Tədbirdə Xocalı soyqırımının şahidi İradə Cəfərova  çıxış edərək fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələrinin öz havadarları ilə birlikdə zirehli texnikalar vasitəsilə Xocalının dinc əhalisinə dəhşətli divan tutmasından danışıb.

 

Sonra Muğam müsabiqəsinin laueratı Şəbnəm Faiq qızının ifasında “Qalmaz belə, qalmaz dünya” mahnısı səsləndirilib.

 

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalı yol gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 



26.02.2019 | 20:00