Təlimçilər üçün təlimlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Təlim və informasiya-məsləhət xidmətlərinin təşkili üzrə Fəaliyyət Planı”na əsasən nazirliyin Təhsil və təlim şöbəsi tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarını artıran, fermerləri elmin son nailiyyətləri ilə tanış edən və müvafiq tövsiyələr hazırlaya bilən, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərən tabeli qurumlardan seçilmiş potensial təlimçilərin bazası formalaşdırılıb. 

 

Nazirliyin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə fevralın 27-də Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) müəyyən edilmiş qruplar üzrə təlimçilər üçün təlimlərə (ToT)  başlanılıb. Birinci təlim Salyan, Tərtər, Şəki, Lənkəran, Beyləqan, Abşeron rayonlarının  Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün olub. Təlimin iştirakçılarını salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlimlərin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərin tədris və elmi-tədqiqatların istehsalatla inteqrasiyasının güclənməsində rolundan, təhsil müəssisəsinə dövlət dəstəyindən danışıb, təlimçilərə və iştirakçılara uğurlar arzulayıb.

 

Martın 1-dək davam edən  təlimlərə 80-ə yaxın iştirakçı qatılıb.  ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub. 

 

Təlim müddətində  iştirakçılar universitetin maddi-texniki bazası, heyvandarlıq kompleksi,  tədris mərkəzləri, baytarlıq klinikası, maşın-traktor parkı, istixanaları, laboratoriyaları, auditoriyaları, bütövlükdə tədris və elmi-tədqiqat prosesləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək.

 

 



27.02.2019 | 13:00