Martın 2-dən imtahanlar başlayır

Qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat davam edir.

 

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, imtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00-da, 15.00-da və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

 

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirəcək. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.



27.02.2019 | 15:35